Avstriya Lesbosda yanğın baş verən düşərgədən qaçqın qəbul etməyəcək
Vyana, 10 sentyabr, AZƏRTAC
Yunanıstanın Lesbos adasında yerləşən “Moria” qaçqın düşərgəsində baş verən yanğından sonra Avropa ölkələri arasında miqrantların qəbuluna dair çağırışlar artıb.
AZƏRTAC xəbər verir ki, Fransa və Almaniya kimi ölkələr həmin düşərgədə məskunlaşan 12 min 700 qaçqının bir qisminin qəbulu ilə bağlı ilkin siqnallar verilib. Bu məsələdə Avstriya hökuməti isə öz sərt və qəti mövqeyi ilə seçilib. Ölkənin Federal Xarici İşlər naziri Aleksander Şallenberq Avstriya Teleradiosuna (ORF) müsahibəsində bildirib ki, qaçqınların Avropa İttifaqı (Aİ) ölkələri arasında paylanması çağırışı problemin həlli yolu deyil. Bildirib ki, Avstriya hökuməti qaçqınları qəbul etməyə deyil, onlara fəlakət baş vermiş ərazidə yardım göstərməyə hazırdır. Bunun üçün Xaricdə Baş Verən Fəlakətlərə Yardım Fondundan 1 milyon avro vəsait də ayrılacaq.
A.Şallenberq qeyd edib ki, “Moria” qaçqın düşərgəsində baş verən yanğın 2015-2016-cı illərdə Aİ ölkələri arasında gedən müzakirələri yenidən canlandırmalı deyil. Belə ki, qaçqınların ölkələr arasında paylanması gələcəkdə zəncirvari reaksiyaya səbəb ola bilər və qaçqınların paylanması yalnız insan qaçaqçılarının mütəşəkkil cinayətini dəstəkləmiş olar. Nazirin sözlərinə görə, “Moria” düşərgəsindəki qaçqınları Aİ ölkələri arasında paylamaqla problem həll olunmayacaq, çünki ən qısa zamanda düşərgə yenidən paylanmasını gözləyən qaçqınlarla dolacaq. Ona görə Aİ miqrasiya və qaçqın siyasətini yenidən nəzərdən keçirməli, xarici sərhədlərini möhkəmləndirməli, həmçinin qaçqınların hərəkət marşrutu üzərində yerləşən ölkələrlə əməkdaşlığı dərinləşdirməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana