Avstriyanın səhiyyə naziri istefa verib
Vyana, 13 aprel, AZƏRTAC
Avstriyanın səhiyyə naziri Rudolf Anşober istefa verib.
AZƏRTAC xəbər verir ki, nazir istefasının şəxsi səbəblərlə əlaqədar olduğunu bildirib. Ötən həftələrdə xəstəlik səbəbindən işə çıxa bilməyən nazirin son günlərdə istefa verəcəyinə dair şayiələr dolaşırdı.
Aprelin 13-də verdiyi şəxsi açıqlamada R.Anşober istefa barədə qərarını rəsmi şəkildə elan edib. O bildirib ki, ölkə tarixində ən ağır səhiyyə böhranının öhdəsindən gələ bilmək üçün 100 faiz sağlam olan və bütün enerjisini bu işə verməyi bacaran səhiyyə nazirinə ehtiyac var. Lakin fəaliyyətdə olduğu 15 aylıq dövrdə onun səhhəti tədricən zəifləmiş və son dövrlərdə tez-tez xəstələnməsi onun bu fəaliyyətin öhdəsindən gələ bilməyəcəyini açıq şəkildə nümayiş etdirmişdir. Ona görə də fiziki sağlamlığını məhv etməkdənsə, vəzifədən geri çəkilməsini üstün tutan R.Anşober, dövlət başçısı Aleksander Van der Bellenə aprelin 19-da onu səhiyyə naziri vəzifəsindən azad etməyi xahiş edib.
Koalisiyalı hökumətdə “Yaşıllar“ partiyasını təmsil edən R.Anşoberin xələfi partiyanın təqdimatı əsasında yaxın günlərdə müəyyən ediləcək.
Koronavirus inkarçıları və müxalifət partiyalarının daimi tənqidi altında olan R.Anşoberin istefası ölkə mediasında təkcə səhhətindəki problemlərlə deyil, eyni zamanda ona qarşı aparılan kampaniya, pandemiyaya qarşı mübarizənin təşkilində və verilən qərarlarda hökumət daxilində fikir ayrılıqları ilə izah olunub. Hesab olunur ki, hökumətin pandemiya ilə bağlı verdiyi hər bir qərara görə, yekunda məsuliyyəti daşımalı olan R.Anşober, nazir karyerasını dayandırmağı ən uyğun çıxış yolu kimi görüb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana