Avtomobil Yolları Dövlət Agentliyində koronavirus infeksiyasına qarşı tədbirlər görülür
Bakı, 16 mart, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı açıqlanan qaydalara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə AAYDA-nın inzibati binasında, həmçinin tabeliyində olan bütün MMC-lərin inzibati binalarında, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə zəruri addımlar atılır, dezinfeksiya işləri aparılır. İş otaqlarında, dəhlizlərdə, pilləkənlərdə və foyelərdə xüsusi dərmanlanma işləri görülür.
Girişlərdə hərarət ölçmə qurğularının istifadəsi ilə inzibati binalara daxil olanların hərarəti yoxlanılır, həmçinin sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserləri quraşdırılıb.
Bundan əlavə, agentliyin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır. Bunun üçün maarifləndirici videoçarxlar nümayiş etdirilir, giriş və çıxışlarda məlumat xarakterli elanlar vurulub.