Azərbaycan Dövlət İnformasiya Agentliyi

AYAĞI YORĞANA GÖRƏ UZATMAQ LAZIMDIR

Son vaxtlar Ermənistanın kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında sülh danışıqlarının formatının dəyişdirilməsi mövzusu çox fəal müzakirə olunur. Bu diskussiyanın inkişafına ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cənubi Qafqazın bu iki ölkəsinə sonuncu səfərinin gedişində söylədikləri silsilə bəyanatlar təkan vermişdir. Həmin bəyanatların təfərrüatı barədə bu il martın 5-də AZƏRTAC-ın saytında və başqa kütləvi informasiya vasitələrində dərc edilmiş “Miatsum: düyünə düşmüş təkamül” sərlövhəli analitik məqalədə məlumat verilmişdir. Həmsədrlərin bəyanatlarında danışıqların formatının dəyişdirilməsi barədə əsla söhbət olmasa da, onların Dağlıq Qarabağın Azərbaycan icmasının adını tez-tez çəkməsi Ermənistanın siyasi dairələrində və media məkanında ciddi narahatlıq doğurmuş və danışıqlar prosesinin iştirakçılarının tərkibində dəyişikliklər edilməsi barədə siyasi möhtəkirlik üçün bəhanə olmuşdur.

Əslində Yerevan danışıqların mövcud formatını dəyişməyə çoxdan can atır, danışıqlar stolu arxasında özü ilə yanaşı və hətta özünün əvəzinə Xankəndidəki separatçı rejimin nümayəndələrini əyləşdirməyə cəhd edir. Ermənistan tərəfi bu cəhdləri nəinki narahatlıqla, hətta əksinə, israrla edirdi. Lakin həmsədrlər, Qarabağ azərbaycanlılarının nəhayət, bir icma kimi institusionallaşdırılması və həmin icmanın Dağlıq Qarabağ erməniləri ilə yanaşı siyasi prosesə cəlb edilməsinin zəruriliyi barədə söz açan kimi, erməni siyasətçilərinin və müşahidəçilərinin nikbinliyi qəflətən yoxa çıxdı. İndi bu cür dəyişikliklər barədə söhbət düşəndə onlar qəzəblərini güclə gizlədirlər. Ermənilərin “Dağlıq Qarabağ əhalisi” termini üzərində faktiki inhisarı itirmək perspektivi və onların danışıqlara azərbaycanlılarla bərabər qoşulmasının mümkünlüyünün dərk olunması onları ciddi narahat etməyə başlayıb.

Ermənistan kütləvi informasiya vasitələrində diskussiyaların tonu belə güman etməyə əsas verir ki, Qarabağ erməniləri danışıqların tərəfi rolunu əvvəllər onların qonşuları olmuş azərbaycanlılarla bölüşməkdənsə, bu istəkdən ümumiyyətlə imtina etməyə hazırdırlar. Axı, azərbaycanlıların danışıqlar prosesinə icma qismində qoşulması Ermənistanın bütün çoxillik səylərini və onun yeganə hüquqi arqumenti olan “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək üçün gerçəkləşmiş hüququ” arqumentini əslində heçə endirir, çünki Azərbaycan icması amilinin Minsk qrupu tərəfindən tanınması bu gün vilayətdə faktiki ağalıq edənləri legitimlikdən və təmsilçilikdən məhrum edir, bu legitimliyə nail olmaq üçün vilayətin ikinci icmasının hökmən oraya qaytarılmasını və yeni, bu dəfə artıq özünüidarə orqanları şəklində nümayəndəli hakimiyyətin birgə formalaşmasından ibarət demokratik prosesə qoşulmasını zəruri şərt kimi irəli sürür. Deməli, Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququ yalnız birlikdə və sərbəst şərtlər daxilində ifadə edilərək reallaşdırıla bilərdi və belə olmalı idi. Lakin bunlar olmamışdır. Bu isə Azərbaycan Konstitusiyasının pozulması öz yerində, 1991-ci ildə “Qarabağ xalqının öz müqəddəratını təyin etməsi”ni tamdəyərli və legitim olmayan bir fakta çevirir.

Ermənistanın “Lragir” nəşrində “Qarabağ tənzimləməsində yeni proses” adlı məqalə dərc edilmişdir. Qəzet Prezident İlham Əliyev tərəfindən Şuşa rayonuna yeni icra hakimiyyəti başçısı təyin edilməsi, “Dağlıq Qarabağın Azərbaycan icması” İctimai Birliyinin rəhbərinin seçilməsi və bu qurumun öz fəaliyyətini gücləndirmək niyyətində olmasından bəhs edərək yazır: “Bu məlumat bəlkə də diqqəti cəlb etməzdi, lakin sözün hərfi mənasında bundan bir neçə gün əvvəl ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Yerevanda bəyan etmişdi ki, danışıqlar prosesinə Qarabağın “həm erməni, həm də Azərbaycan icmaları” cəlb ediləcəkdir. Fasye Bakıda təsdiqləmişdir ki, o, “danışıqların üçüncü tərəfi qismində Qarabağın cəlb edilməsi haqqında” danışmamışdır”.

Əslində Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının danışıqlar prosesinə cəlb edilməsi heç də danışıqların yeni tərəfinin yaranması demək deyildir. Danışıqların tərəfi müəyyən status deməkdir, danışıqlar prosesinə cəlb edilmə isə müəyyən məsləhətləşmələrdən, icmaların bu və ya digər qisimdə iştirakından ibarət ola bilər, lakin onların “danışıqlar prosesinin tərəfi” səviyyəsinə qədər qaldırılması vacib deyildir. Həqiqətdə B.Fasyenin həmin iki bəyanatı arasında ziddiyyət yoxdur. Əksinə, onun Bakı bəyanatında birmənalı şəkildə təsdiq edilir ki, qeyri-müəyyən “Qarabağ” anlayışı ən azı onun mahiyyəti və etnik tərkibi əvvəlcədən dəqiqləşdirilmədən danışıqların üçüncü tərəfi ola bilməz. Əgər B.Fasye mənası aydın olmayan “Qarabağ”ın danışıqların tərəfi kimi adını çəkmiş olsaydı, zənnimcə Azərbaycan XİN-də həqiqətən heyrətlənərdilər.

Sözügedən məqalənin müəllifi Nano Arqutyan yazır: “Fasyenin bəyanatından sonra aşkar görünür ki, Bakıda “Azərbaycan icması” formalaşdırmağa başlayacaqlar. Müvafiq addımları çox gözləmək lazım olmadı. Yəqin ki, növbəti mərhələdə Azərbaycanda mühacirətdə olan Qarabağ hökuməti yaradılacaq. Bu hökumət seçkilər keçirəcək, prezident və parlament seçəcək, bir sözlə, Qarabağın müqabilində "Azərbaycan icması" deyilən başqa bir qüvvə yaranması üçün nə lazımdırsa edəcəkdir. Artıq hamı unutmağa başlamışdır ki, 15 il müddətində heç kəs bu icmanı yada salmırdı, onun dəyişməz rəhbəri olmuş Nizami Bəhmənovun ölümündən sonra bir ildir ki, icmaya yeni rəhbər təyin etmək heç kəsin ağlına da gəlmir”.

Erməni qəzetinin nəzərinə çatdırmaq istərdim ki, bütün bu 15 ildə Azərbaycan hökuməti qaçqınlar və məcburi köçkünlər üçün müvəqqəti qəsəbələr tikilməsi, onların yerləşdirilməsi, etnik təmizləmələrin nəticələri olan çadır şəhərciklərini ləğv etmək və yurd-yuvasından didərgin düşmüş qarabağlıların yük vaqonlarında, qazmalarda və inşası yarımçıq qalmış tikililərdə yaşamasına son qoymaq məqsədi ilə onlar üçün insana yaraşan həyat şəraiti yaradılması ilə məşğul olmuşdur. Bütün bu 15 ildə azərbaycanlıların öz evlərinə birdəfəlik qayıtması məsələsi gündəlikdə olmuşdur və heç kəs bunu unutmamışdır. Lap yaxın vaxtlarda iqtisadi bum sayəsində axırıncı çadır şəhərciyi ləğv ediləndən sonra Azərbaycan icmasının gələcək taleyi ilə birbaşa bağlı olan məsələlərin müzakirəsinə onların fəal cəlb edilməsi üçün şərait yaranmışdır. Çoxdan gözlənilən, Azərbaycan icmasının doğma diyarı ilə bağlı siyasi proseslərə daha fəal qoşulması məsələsinin indi gündəlikdə ön plana keçməsi bu mövzunun Bernar Fasye və ya bir başqası tərəfindən gözlənilmədən ortaya atılması ilə deyil, məhz onların təxirəsalınmaz məişət problemlərinin həllinə dair dövlət proqramının uğurla başa çatması ilə izah edilir. Azərbaycan icması məsələsi həmsədrlər tərəfindən deyil, Qarabağ azərbaycanlılarının özləri tərəfindən qaldırılmışdır və bunu yadda saxlamaq çox vacibdir!

Arqutyan yazır: “Əlbəttə, bu prosesi emosional baxımdan qiymətləndirmək və demək olar ki, Qarabağın keçmiş sakinləri olan azərbaycanlılar indi öz vətənində, ermənilərin tərk edib getdiyi evlərdə yaşayırlar, ümumiyyətlə, onların Qarabağla eyniləşdirilməsi əleyhinə çoxlu dəlillər gətirmək olar”. Bu fikirdə bir sıra ciddi qüsurlar var. Əvvələn, Qarabağ azərbaycanlıları o vaxt da öz vətənlərində yaşayırdı, indi də öz vətənlərində yaşayırlar. Dünya birliyi Dağlıq Qarabağın Azərbaycan icmasını məhz ona görə “qaçqınlar” (refugees) deyil, “məcburi daxili köçkünlər” (İDPs - internally displaced persons) kimi tanımışdır ki, onların 1951-ci il Cenevrə Konvensiyasına görə qaçqınlar kimi qəbul edilməsi üçün zəruri hüquqi şərt - onların dövlət sərhədini keçməsi şərti yoxdur. Görünür, Arqutyan “Qarabağın keçmiş sakinləri olan azərbaycanlılar indi öz vətənində yaşayırlar” deməklə ona eyham vurur ki, Qarabağ azərbaycanlıları yalnız Dağlıq Qarabağı tərk edəndən sonra öz vətənlərinə gəlmişlər. Bu fikir həm siyasi, həm də beynəlxalq hüquq baxımından son dərəcə yanlışdır. Azərbaycanlılar Dağlıq Qrabağdan qovulandan sonra vətənlərini dəyişməmiş, başqa dövlətə köçüb getməmişlər, onlar Şuşada, Xocalıda, Meşəlidə, Cəmillidə, Kərkicahanda, Umudluda və başqa yaşayış məntəqələrində öz evlərinə qayıdandan sonra da dövlət sərhədini keçməyəcəklər.

Bakı, Gəncə, Şamaxı, Çaykənd ermənilərinin Ermənistana və üçüncü ölkələrə deyil, Azərbaycanın Dağlıq Qarabağ regionuna köçmüş hissəsi də eynilə bu cür daxili köçkünlərdir. Onlar qaçqınlar deyil, daxili köçkünlərdir, çünki onlar dövlət sərhədini keçməyiblər. Münaqişə nəticəsində Ermənistana və ya üçüncü ölkələrə köçüb getmiş ermənilər isə həqiqətən qaçqınlar sayıla bilər (həmin ölkələrin birində naturallaşana qədər). 1951-ci il Cenevrə Konvensiyasına görə Ermənistandan olan azərbaycanlı qaçqınlar da kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edənə qədər prima facia əlamətinə əsasən qaçqın statusuna iddia edə bilərdilər. Lakin onlar Azərbaycanda naturallaşandan sonra həmin konvensiyanın 1-C-(3) maddəsinə uyğun olaraq qaçqın statusu hüququnu itirmişlər. Hərçənd, o vaxtdan bəri onların ağır həyat şəraiti bəlkə də az dəyişmişdir.

İkincisi, Dağlıq Qarabağın Azərbaycan icmasının öz statusuna görə mənası yenə də aydın olmayan “Qarabağ” ilə (görünür, Dağlıq Qarabağın əhalisinin erməni hissəsi nəzərdə tutulur) bərabər tutula bilməyəcəyi fikri və bunun həmin azərbaycanlıların indi Bakı ermənilərinin mənzillərində yaşaması ilə izah etmək cəhdi tamamilə yanlışdır. Üstəlik, bu fikirdə Qarabağ azərbaycanlılarını Azərbaycanın başqa hissələrindən olan erməni qaçqınlarına bərabər tutmaq, Qarabağ ermənilərini isə bir növ təkbaşına, asudə buraxmaq cəhdi hiss olunur. Erməni ziyalıları Qarabağ azərbaycanlılarının öz evlərinə qaytarılması məsələsini ermənilərin Bakıya, Gəncəyə, Goranboya və Dağlıq Qarabağın hüdudlarından kənardakı başqa rayonlara qaytarılması ilə əlaqələndirmək üçün əvvəllər də buna oxşar cəhdlər göstərmişdilər. Məsələn, 2007-ci il mayın 24-də Dağlıq Qarabağın erməni icmasının ovaxtkı lideri Arkadi Qukasyanın müşaviri Arman Melikyan demişdi ki, Dağlıq Qarabağ azərbaycanlıları, prinsipcə öz evlərinə qayıda bilərlər, lakin bu şərtlə ki, erməni qaçqınlar da Azərbaycana qaytarılsın, yaxud ən pis halda onlar Dağlıq Qarabağın özündə məskunlaşdırılsın. Görünür, Melikyan bilərəkdən qeyri-real formula təklif etmək istəyirmiş, bu təklifi ilk növbədə Azərbaycandan olan erməni qaçqınların özləri qəbul etməzdi. Axı, məlumdur ki, bakılı ermənilərin yalnız cüzi bir hissəsi Ermənistanda məskunlaşmışdır, əksəriyyəti isə qısa müddət Ermənistanda qaldıqdan sonra üçüncü dövlətlərə - MDB və Aİ ölkələrinə, ABŞ-a, Kanadaya, Avstraliyaya köçüb getmişlər. Bu gün Los-Ancelesdə, Torontoda və ya Parisdə yaşayan keçmiş Bakı erməniləri arasında hər şeyi qoyub nəinki Ermənistana, heç Hadruta və ya Əskərana köçüb getməyə hazır olan ermənilərin sayı yəqin ki, 10 nəfərdən də az olar.

Lakin əsas məsələ bu deyil. Bu utopik təklifin gizli məqsədi çox güman ki, Qarabağ azərbaycanlılarını Bakı, Gəncə, Şamaxı (yəni qeyri-Qarabağ) ermənilərinə bərabər tutmaq idi. Buna cavab olaraq Azərbaycan mətbuatında bu sətirlərin müəllifinin “Azərbaycandan olan erməni qaçqınlarının ekvivalenti yalnız Ermənistandan olan azərbaycanlı qaçqınlar ola bilər” adlı məqaləsi dərc edilmişdi. Həmin məqalədə Qukasyanın ətrafından olan cavan oğlana izah edilmişdi ki, Qarabağ azərbaycanlılarının analoqu keçmiş DQMV-də onların erməni qonşularıdır, Azərbaycanın qalan hissəsindən olan ermənilərin ekvivalenti isə Ermənistanın keçmiş sakinləri olmuş azərbaycanlılardır. Hər bir halda, nisbət yalnız cüt ədəd ilə ifadə edilə bilər: 1+1 (rəsmi Bakı və rəsmi Yerevan), yaxud 2+2 (iki rəsmi paytaxt və Dağlıq Qarabağın iki icması). Yerevan Azərbaycanın qalan hissələrindən olan ermənilərin (Dağlıq Qarabağ ermənilərindən savayı) şəxsində gizlətdiyi "qumar kartı"nı üzə çıxarmağa cəhd göstərdikdə isə həmin formula 3+3 olacaqdır, çünki bu ermənilərin analoqu Ermənistandan olan azərbaycanlılardır. Bakı ermənilərini Qarabağ azərbaycanlılarına bərabər tutmaq, Qarabağ ermənilərini bir kənara qoymaq və bu halda Ermənistandan olan azərbaycanlılar haqqında susmaq üçün göstərilən hər hansı cəhd dərhal rədd ediləcəkdir, ona görə ki, məni bağışlayın, heç kəs axmaq deyil.

Bu sözlər Nano Arqutyanın Bakı ermənilərinin mənzilləri haqqında eyhamına da aiddir. Onun fikrincə, Qarabağ azərbaycanlıları “öz vətəninə”, yəni Azərbaycana qayıdandan sonra həmin mənzillərdə məskunlaşmışlar. Lakin Ermənistan azərbaycanlılarının 2 və 3 mərtəbəli evləri, fermaları, kənd təsərrüfatı texnikası, şumlanan torpaqları və otlaqları da bu gün boş qalmayıb, onları mənimsəyiblər... Buna görə də bakılı və digər qarabağlı olmayan ermənilərin mülkiyyətinin itirilməsi, onların faciəli taleyi məsələsi hər dəfə Ermənistanda qaldırılanda Azərbaycanda onlara dərhal ən azı Ermənistandan olan azərbaycanlıların bundan heç də az faciəli olmayan taleyi və onların zəbt edilmiş mülkiyyəti xatırladılacaqdır.

“Təhlükəsizlik və siyasət məsələləri üzrə Qarabağ ictimai şurası”nın başçısı Masis Mailyan Nano Arqutyanın məqaləsinə bir növ əks-səda kimi “Kavkazskiy uzel”ə müsahibə vermişdir. Mailyan həmin müsahibədə demişdir: “Qarabağın etnik azərbaycanlılar olan keçmiş sakinləri indi Azərbaycan vətəndaşlarıdır, danışıqlarda onların mənafelərini də Azərbaycan təmsil edir”. Təkrar da olsa deməliyik ki, respondentin “Qarabağın keçmiş sakinləri” adlandırdığı adamlar xarici dövlətin işğalı nəticəsində müvəqqəti olaraq vilayətdən kənarda yaşadıqlarına baxmayaraq, bu gün də Qarabağ sakinləri olaraq qalırlar. Buna görə də yaxşı olar ki, gələcəkdə gərəksiz stres yaranmaması üçün Mailyan artıq bu gün həm özünü, həm də həmyerlilərini bu azərbaycanlıların Dağlıq Qarabağa, öz evlərinə qayıtmalarına psixoloji cəhətdən hazırlamağa başlasın. Onlar etnik təmizləmələrdən əvvəl də Azərbaycan vətəndaşları idi, bu gün də belədir, Qarabağdakı doğma şəhərlərinə və kəndlərinə qayıdandan sonra da Azərbaycan vətəndaşları olaraq qalacaqlar. Danışıqlarda onların mənafeyini kim - özləri, yoxsa Azərbaycanın mərkəzi hökuməti təmsil etməlidir məsələsinə gəldikdə isə yaxşı olardı ki, Mailyan Dağlıq Qarabağın erməni icmasının liderlərinin danışıqlar stolu arxasında hansı qisimdə - Azərbaycan vətəndaşları, yoxsa Ermənistan vətəndaşları kimi əyləşməyə israrla cəhd etməsi barədə düşünsün. Hər iki halda onların danışıqlar salonunda olmasına elə bir lüzum yoxdur, çünki danışıqlarda onların mənafeyini təmsil edənlər var. Bu (onların seçimindən asılı olaraq), ya Azərbaycan Prezidenti, ya da onun ermənistanlı həmkarı ola bilər. Üçüncü variant yoxdur, xüsusən ona görə ki, bu gün Dağlıq Qarabağ sakinləri xaricə gedəndə Ermənistan Respublikasının pasportlarına əsasən gedir, mağazalarda aldıqları malların dəyərini isə erməni dramı ilə ödəyirlər. Əcaib bir bayraq icad edilməsi və onun Dağlıq Qarabağda ictimai binalar üzərində özbaşına asılması isə BMT-yə və ya Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar aparılan salona daxil olmağa əsas vermir.

Amma hər halda Mailyanın müsahibəsinin digər hissəsi daha çox anlaşılmazlıq yaradır. Onun fikrincə, Dağlıq Qarabağın hər iki icmasının siyasi proseslərə cəlb edilməsi haqqında həmsədrlərin təklifi onu göstərir ki, “ya vasitəçilər Qarabağ probleminə dair artıq qəbul edilmiş əsas sənədlərdən, həmin sənədlərdə danışıqların üçtərəfli formatının qəbul edilməsindən bixəbərdirlər, ya da onlar başqa məqsəd güdür və danışıqların formatını qəsdən dəyişirlər”. Burada həqiqətən şərhə ehtiyac yoxdur. Həmsədrləri səriştəsizlikdə və mövzudan bixəbər olmaqda günahlandırmaq doğrudan da təzə şeydir. Belə çıxır ki, həmsədrlər bixəbərdir, Mailyan isə xəbərdardır. Əgər danışıqların “üçtərəfli” formatını müəyyən edən əsas sənədlər kimi 1994-cü ildə Bakının taktiki mülahizələri əsas tutaraq, mənasız qan tökülməsinə son qoymaq məqsədilə Ermənistanla və Dağlıq Qarabağın erməni nümayəndələri ilə bərabər imzalamağa sadəcə olaraq məcbur olduğu Bişkək protokolunu hesab etsək, səfir Ara Papyanın keçən il BMT Təhlükəsizlik Şurasının üzvlərini... 1920-ci il Sevr müqaviləsini yerinə yetirmədiklərinə görə məhkəməyə vermək təklifi yada düşür. Mailyanın həmsədrlərə ünvanlanmış ittihamlarını əlavə şərh etməyin mənası yoxdur.

Lakin gəlin N.Arqutyanın “Lragir” qəzetində dərc edilmiş məqaləsinə qayıdaq. Məqalə müəllifinin fikrincə, həmsədrlər informasiya məkanına yeni ideya təklif etməklə əslində tərəflərin diqqətini bu təkliflərin mahiyyətindən yayındırır. Özləri bilə-bilə diskussiyanı perspektivsiz istiqamətə yönəldirlər. Arqutyan yazır: “Aydındır ki, Qarabağ Azərbaycan icması ilə danışıqlar stolu arxasında əyləşməyəcəyini (gec ya tez) bəyan edəcəkdir. Bakı bunu əsas götürərək erməniləri kompromisə getməməkdə günahlandıracaq, həmsədrlər isə deyəcəklər ki, onlar özlərindən asılı olan hər şeyi ediblər. Bundan sonra hər şey təzədən başlanacaq”.

Belə güman etmək olar ki, müəllif “Qarabağ” dedikdə yenə də özlərini “Dağlıq Qarabağ hökuməti” adlandıran bir qrup adamı nəzərdə tutur. Lakin fransalı həmsədr B.Fasye həmin adamların əsl adını demişdi -“rejim” (bu söz boş-boşuna, yaxud həmsədrin qanının qara vaxtında və ya yorucu uçuşdan sonra deyilməmişdi ki). “Lragir” qəzeti əmindir ki, məhz həmin cənablar Azərbaycan icması ilə danışıqlar stolu arxasında əyləşməyəcəklər. Bu isə onların tərəfindən həqiqətən nəzakətli hərəkətdir!

Qeyd edək ki, Qarabağ ermənilərinin liderlərini Azərbaycan icmasının nümayəndələri ilə danışıqlar stolu arxasında əyləşməyə heç kəs məcbur etməyə hazırlaşmır. Əgər onlar danışıqlar aparılan otağa buraxılmalarını istəsələr özlərini zorla da olsa buna məcbur edib əyləşərlər, istəməsələr özləri bilsin. Əhəmiyyətinə görə onlarla tamamilə bərabər olan Azərbaycan icmasının liderləri ilə bir stol arxasında əyləşməkdən imtina etməklə onlar özlərinin danışıqlarda iştirak etməsi məsələsinə öz əlləri ilə xitam verəcək və bu mövzu həmişəlik bağlanacaqdır (beləliklə rəsmi Bakıya çox dəyərli bir xidmət göstərilmiş olacaq). İkincisi, ümumiyyətlə, bu cür demarşları o kəslər təşkil edə bilər ki, özlərinin bu dünyada bir sanbalı olsun, nüfuzlu siyasətçilər kimi tanınmış olsunlar. Əgər Qarabağ ermənilərinin liderləri şıltaqlıq etsələr, əhəmiyyətinə görə onlarla eyni olan Azərbaycan icmasından olan həmkarları ilə bir masa arxasında əyləşmək istəməsələr, onda təəccüblənməyə dəyərmi ki, indiyə qədər onlar nə üçün Azərbaycanın mərkəzi hökuməti ilə bir masa arxasında əyləşə bilməyiblər?! Yaxşı deyiblər ki, ayağı yorğana görə uzatmaq lazımdır. Xankəndi yorğanının uzunluğu isə Bakı yorğanının yox, Şuşa yorğanının uzunluğuna bərabərdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb