Ayaz Hüseynov: hazırda hemofiliyanın yeni müalicəsi var
Bakı, 16 aprel, AZƏRTAC
Əsas məqsədimiz hemofiliyalı xəstələrin dərmanı əldə etmək üçün uzun məsafə qət etməsin. Buna da ötən il nail olduq.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Hemofiliya Günü ərəfəsində “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzinin "Facebook" səhifəsində onlayn formatda yayımlanan mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının (HXRA) sədri Ayaz Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda hemofiliyanın yeni müalicəsi var: "Ayda bir dəfə vurulmaqla qanın laxtalanmasını normal vəziyyətə salan və xəstənin tam sağlam yaşaya bilməsini təmin edən dərmanlar var. İldə 12 dəfə həmin dərmanı dəri altına yeritməklə insan tam sağlam həyat sürə bilər. Bahalı dərmanlardır. Biz bununla bağlı aidiyyəti qurumlara təkliflər paketi təqdim etmişik. Düşünürük ki, yaxın zamanlarda ən ağır vəziyyətdə olanları, əsasən uşaqları həmin dərman preparatı ilə təmin edəcəyik ki, heç bir fəsadsız, tam sağlam olsunlar. Həmin preparatlar Avropa ölkələri istehsalıdır. Hazırda profilaktikada həftədə 3 dəfə dərman vurulur".