Azad Məmmədov: Azərbaycan Aşqabadda keçirilən IV Beynəlxalq Teatr Festivalında uğurla təmsil olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Aşqabad şəhərində “Xoşbəxtlik dövrünün teatr sənəti” adlı IV Beynəlxalq Teatr Festivalı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TÜRKSOY-un təşkilatçılığı ilə ölkəmizi bu mötəbər festivalda Şuşa Dövlət Musiqili Dram Teatrı çox böyük uğurla təmsil edib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası ilə festivala qatılan Şuşa Dövlət Musiqili Dram Teatrı Böyük Saparmurat Türkmənbaşı adına Baş Dram Teatrının səhnəsində çıxış edib. Sadə səhnə tərtibatı ilə dörd aktyorun Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalovanın ifasında təqdim olunan bu tamaşa festivalın ruhuna və tələblərinə tam uyğun olan və professional rejissor yozumu ilə seçilən bir səhnə əsəri kimi dəyərləndirilib.
Teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədov festivalla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.
O bildirib ki, festivalda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin teatrlarının təqdimatında 11 tamaşa oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşası Türkmənistanın Mədəniyyət Nazirliyi, festivalın təşkilatçıları, eləcə də festivalda iştirak edən müxtəlif ölkələrin sənət adamları tərəfindən çox yüksək qiymətləndirilib.
“Festivalın açılışı ilə bağlı keçirilən yürüşdə Azərbaycanın Dövlət Bayrağının birinci olaraq dalğalanması, həmçinin rəsmi bağlanış mərasimində festival iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə ilk olaraq Azərbaycan nümayəndəsinə söz verilməsi bir tərəfdən Azərbaycan və Türkmənistan dövlətləri arasında dostluq münasibətindən xəbər verirsə, digər tərəfdən də, ölkəmizə və teatr sənətimizə qarşı böyük rəğbətin göstəricisi idi. “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərini və 150 illik tarixə malik Azərbaycan teatrını qardaş Türkmənistanda keçirilən beynəlxalq festivalında təmsil etməkdən böyük qürur hissi duyduq”,- deyə A.Məmmədov qeyd edib.