Azadlığa aparan şanlı yol
Bakı, 18 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan “Azadlığa aparan şanlı yol” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Mərasimdə “20 Yanvar Azərbaycan Milli Azadlıq Hərəkatının mühüm mərhələsidir” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə günahsız insanların qətli ilə nəticələnən Qanlı Yanvar gecəsinin, qanla yazılmış şanlı tariximizin azərbaycanlıların kimliyini, məğlubedilməzliyini bir daha sübut etdiyini, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin hər zaman xatırlanmalı və yad edilməli olduğunu bildirib.
Qeyd olunub ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğurunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə insanlığa qarşı törədilmiş terror aktı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
“20 Yanvar” adlı qısametrajlı sənədli film nümayiş olunduqdan sonra Azərbaycan Hərb Tarixi Muzeyinin elmi işçisi Nuranə Nəcəfovanın “Tariximizin parlaq səhifəsi” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.