Azərbaycan Avropa İttifaqının Ermənistanda müşahidə missiyasını yerləşdirməsinə tənqidi yanaşır
Moskva, 10 fevral, AZƏRTAC
Bilirik ki, Azərbaycan Avropa İttifaqının Ermənistanda müşahidə missiyasını yerləşdirməsinə tənqidi yanaşır.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən mətbuat konfransında bu fikri söyləyib.
O bildirib ki, Rusiya sülhməramlıları Qarabağda sülhü təmin edirlər. Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində keşik çəkirlər. Rəsmi Bakı bütün bunlarla bağlı narahatlığını ifadə etməyib. “Eyni zamanda, Bakının Avropa İttifaqının Ermənistanda müşahidə missiyası yerləşdirməsinə mənfi münasibətindən xəbərimiz var”, - deyə M.Zaxarova bildirib.
Rusiya XİN-in sözçüsü qeyd edib ki, görünür, Brüssel regionda təhlükəsizlik sistemini dəyişmək istəyir. Rusiya hərbçilərinin və sərhədçilərinin regionda olması, eləcə də Ermənistanın KTMT-yə üzvlüyü onu razı salmır. “Cənubi Qafqazda sabitliyin dəstəklənməsinə dair erməni tərəfdaşlarımızla həm ikitərəfli, həm də çoxtərəfli formatda, o cümlədən KTMT çərçivəsində hazırlanmış sənədlər əsasında dialoqa açığıq”, - deyə diplomat vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva