Azərbaycan Banklar Assosiasiyası “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirib
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, ötən ildən etibarən keçirilən tədbir bu il “Göründüyündən güclü, olduğundan zərif” adı ilə baş tutub. ABA-nın prezidenti Zakir Nuriyev bank sektorunda qadınların rolundan və bu rolun əhəmiyyətindən danışıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “Qadın incəsənətdə” adlı mövzu ilə çıxış edib. Daha sonra “Accessbank” QSC-nin idarə heyətinin sədri Anar Həsənovun “Qadın bank sektorunda” mövzusunda çıxışı dinlənilib.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin idarə heyətinin üzvü Sinan Ağırbaş “İşgüzar qadın, xarici təcrübə” mövzusunda çıxışında xarici təcrübəni rəqəmlərlə qonaqların diqqətinə çatdırıb. “ALPHA Coaching & Consalting” şirkətinin nümayəndəsi “Emosional liderlik” adlı təqdimat keçirib.
Sonda qonaqların sualları spikerlər tərəfindən cavablandırılıb.
Qeyd olunub ki, Azərbaycan qadını cəmiyyətimizdə hər zaman aktiv rol oynayıb, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sahələrdə öz sözünü deyib. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi və dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir.
Həmçinin Azərbaycan Banklar Assosiasiyası üzvləri arasında rəhbər vəzifələrdə, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarında xanım nümayəndələr təmsil olunur və qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verirlər. ABA bu iştirakın daha da genişləndirilməsi üçün məqsədyönlü tədbirləri mütəmadi olaraq həyata keçirir. Bu da həmin tədbirlərin davamı kimi qeyd edilə bilər.