Azərbaycan “Bərpaedici ədliyyə” ilə əlaqədar Avropa İttifaqı ilə birlikdə yeni layihə reallaşdıracaq
Tbilisi, 13 oktyabr, AZƏRTAC
“Azərbaycan nümayəndə heyəti “Bərpaedici ədliyyə” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda fəal iştirak edir. Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini Vüqar Ağayev söyləyib.
O bildirib ki, konfrans iştirakçıları ilə keçirilən işgüzar görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı olaraq həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda məhkəmə sistemində mübahisəli alternativ mexanizmlərin həlli üzrə yeni mexanizmlərin, yeni yanaşmaların öyrənilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu işdə Ədliyyə Nazirliyi yaxından iştirak edir. Bir neçə il bundan əvvəl mülki kommersiya və ailə üzrə “Mediasiya haqqında” yeni Qanunun qəbul olunduğu diqqətə çatdırılıb.
Məlumat verilib ki, Azərbaycanda “Bərpaedici ədliyyə” geniş təşviq olunur. Azərbaycan, həmçinin “Bərpaedici ədliyyə”nin əsas istiqamətlərindən biri olunan reabilitasiya məsələsində də yaxından iştirak edir. Penitensiar müəssislərdə, probasiyada olan məhkumların sosial adaptasiyası və reabilitasiyası ilə bağlı müəyyən işlər görülür. Cəzaçəkmə müəssislərində yetkinlik yaşına çatmayanlara ödənişsiz olaraq psixoloji və vəkil yardımı göstərilir. Biz artıq bu işləri daha da genişləndiririk, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məhkum qadınlara psixoloji xidmət göstərilir. Bundan başqa, onların sosial vəziyyəti qiymətləndirilir, işlə təmin olunmasına yardım edilir, tibbi xidmətlər göstərilir.
“Azərbaycan, həmçinin Avropa İttifaqı ilə “Bərpaedici ədliyyə” layihəsinin əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində iş aparır. Gələn il Avropa İttifaqı ilə bu layihənin həyata keçirilməsinə başlanılacaq”, - deyə, V.Ağayev vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi