AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL OLUNUR
Asiya, Cənubi Amerika və Ərəb ölkələri sərgi pavilyonlarının sahəsini 40 faiz genişləndirmiş, Hindistan ilk dəfə öz pavilyonunu açmışdır. Azərbaycan sərgidə ləyaqətlə təmsil olunur.
170 hektardan artıq sahəni əhatə edən Berlin Beynəlxalq Sərgilər Mərkəzinin nəhəng pavilyonlarında ölkələrin öz sərgi köşkləri vardır.
Azərbaycanın sərgi köşkü 3-cü pavilyonda yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə rəhbərliyi, “İmproteks Travel”, “Vahid-S”, “Dervish-Travel”, “STİ-Azerbaijan” şirkətlərinin yerləşdiyi köşkün önündə Azərbaycanın dövlət bayrağı qaldırılmış, girəcəkdə “WELCOME TO AZERBAİJAN” (“Azərbaycana xoş gəlmisiniz”) sözləri yazılmışdır. Köşkdə qədim tarixi mədəniyyət abidələrimizin, o cümlədən Şərq və Qərb memarlıq sənətkarlığının sintezindən hasil olan yeni mehmanxana, bank, ofis binalarının maket və şəkilləri, Azərbaycan təbiətinin dilbər guşələrinin ecazkar görüntüləri, dəqiq işlənmiş, xüsusən üzərindəki milli naxış və bəzəkləri ilə orijinal milli formalı məişət, geyim əşyaları, milli ornamentli xalçalar və digər sənətkarlıq nümunələri diqqəti cəlb edir.
Sərginin ziyarətçiləri ölkəmizin turizm imkanları və onun Qədim İpək yolundan keçən marşrutlarını əks etdirən xəritələrə, nəfis şəkildə hazırlanmış buklet və prospektlərə, turizm məlumat kitablarına və digər reklam çap məhsullarına böyük maraq göstərirlər. Azərbaycanın geniş turizm imkanlarına malik olması barədə xoş sözlər söyləyirlər.
“Berlin Beynəlxalq Turizm sərgisi-2006” martın 12-də başa çatacaqdır.