AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL OLUNUR
Asiya, Cənubi Amerika və ərəb ölkələri sərgi pavilyonlarının sahəsini 40 faiz genişləndirmiş, Hindistan ilk dəfə öz pavilyonunu açmışdır.
170 hektardan artıq sahəni əhatə edən Berlin Beynəlxalq Sərgilər Mərkəzinin nəhəng pavilyonlarında ölkələrin öz bölmələri vardır. Azərbaycanın bölməsi 3-cü pavilyonda yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə rəhbərliyi, “İmproteks Travel”, “Vahid-S”, “Dervish-Travel”, “STİ-Azerbaijan” şirkətlərinin təmsil olunduğu bölmənin önündə Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. Burada qədim tarix-mədəniyyət abidələrimizin, o cümlədən Şərq və Qərb memarlığının sintezi olan yeni mehmanxana, bank, ofis binalarının maket və şəkilləri, Azərbaycan təbiətinin dilbər guşələrinin ecazkar görüntüləri, dəqiq işlənmiş, xüsusən milli naxış və bəzəkləri ilə seçilən məişət, geyim əşyaları, milli ornamentli xalçalar və digər sənətkarlıq nümunələri diqqəti cəlb edir.
Sərgiyə gələnlər ölkəmizin turizm imkanlarına və onun Böyük İpək yolundan keçən marşrutlarını əks etdirən xəritələrə, nəfis şəkildə hazırlanmış buklet və prospektlərə, turizm məlumat kitablarına və digər reklam çap məhsullarına böyük maraq göstərir, Azərbaycanın geniş turizm potensialı barədə xoş sözlər söyləyirlər.
Sərgi martın 12-də başa çatacaqdır.