AZƏRBAYCAN BÖLGƏDƏ LİDER DÖVLƏTƏ ÇEVRİLMİŞDİR
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir etimadnamələrinin surətini nazirə təqdim etmiş, ölkələrimiz arasında möhkəm əlaqələrin olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı səylərini yüksək qiymətləndirmiş, problemin həll yolunun tapılması üçün diplomatik vasitələrin hələ də tükənmədiyini bildirmiş, bu istiqamətdə səylərin fəallaşdırılmasının əhəmiyyətini vurğulamışdır.
Münaqişənin ədalətli həlli yolunun tapılacağına ümid bəslədiyini bildirən səfir A.B.Düşafon bütün imkanlardan istifadə etməyin vacibliyinə toxunmuşdur. Səfir, dünyada enerji təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanın bölgədə aparıcı dövlətə çevrildiyini nəzərə çarpdırmışdır.
Qonaq, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmiş, bu əlaqələrin daha da möhkəmlənməsi üçün çalışacağını bildirmişdir.
E.Məmmədyarov ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin bu əməkdaşlığın genişləndirilməsinə əlverişli imkan yaratdığını söyləmiş, səfirə fəaliyyətində uğurlar arzulamışdır.