Azərbaycan cüdoçuları Peruda bir qızıl və üç bürünc medal qazanıblar
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçırılən Panamerika açıq çempionatını bir qızıl və üç bürünc medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışın sonuncu günündə 81 kiloqram çəki dərəcəsində çıxış edən Əbdülhəqq Rəsullu yarımfinala gedən yolda yerli idmançı Danil Vizkarranı və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub edib. Yarımfinalda liviyalı Nacif Eliasa uduzan Ə.Rəsullu bürünc medal uğrunda mübarizədə türkiyəli Əmirxan Yuceli məğlub edərək mötəbər turnirin bürünc medalına sahib olub.
Çempionatda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev beşinci olub. Digər iki cüdoçumuz - Hüseyn Rəhimli (81 kq) və Şahin Qəhrəmanov (90 kq) isə mübarizəni erkən dayandırıblar.
Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Vüqar Şirinli (60 kq) qızıl, Elbrus Zamanov (60 kq) və Aişə Qurbanlı (48 kq) isə bürünc medal qazanmışdılar. Beləliklə, Azərbaycan milli komandası Panamerika açıq çempionatını dörd medalla başa vurub.