AZƏRBAYCAN DƏNİZİN VƏ ƏTRAF MÜHİTİN ÇİRKLƏNDİRİLMƏSİ İLƏ MÜBARİZƏYƏ DAİR KONVENSİYALARA QOŞULMUŞDUR
İclasda Azərbaycanın neftlə çirkləndirmə halına qarşı mübarizə və bu sahədə əməkdaşlıq, çirkləndirmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət, dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə bağlı konvensiyalara qoşulması ilə əlaqədar 8 qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclisin təbii ehtiyatlar, ekologiya və energetika məsələləri daimi komissiyasının sədri Asya Manafova layihələrlə bağlı məlumat verərək bildirmişdir ki, sənədlərdə dəniz və ətraf mühitin neftlə, məişət tullantıları, eləcə də gəmilər vasitəsilə çirkləndirilməsi barədə xəbərdarlıq, çirklənmənin qarşısının alınması, nəticələrin aradan qaldırılmasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, çirkləndirməyə görə mülki məsuliyyət və digər məsələlər öz əksini tapmışdır. Ölkəmiz bu sənədlərə qoşulmaqla Xəzər dənizinin, eləcə də ətraf mühitin çirkləndirilməsi ilə bağlı dünya miqyasında öz sözünü deyə, lazımi yerlərdə hüquqlarını tələb edə, hətta çirklənmənin aradan qaldırılmasını təmin etmək üçün yardımlar ala biləcəkdir.
Deputatlar layihələrin əhəmiyyətindən danışmış və ölkəmizin bu konvensiyalara qoşulmasına razılıq vermişlər.