CƏMİYYƏT
Azərbaycan diasporu hər zaman dövlətimizin yanındadır
Bakı, 4 mart, AZƏRTAC
İstər Vətən müharibəsi dövründə, istərsə də Zəfərdən sonrakı zamanda xaricdə yaşayan soydaşlarımız daimi dövlətimiz və ordumuzla birlikdə olduqlarını müxtəlif formatlarda ifadə ediblər. Müharibə dövründə dövlətimizə və müharibədən zərər çəkmiş mülki vətəndaşlarımıza dəstəklərini ifadə edən soydaşlarımız, tarixi qələbəmizdən sonra da qazilərimizə mümkün dəstəyi göstərirlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında fəaliyyət göstərən Azərbaycan diasporu adından Vətən müharibəsində sağlamlığını itirmiş qazilər üçün ölkəmizə gətirilmiş əlil arabaları da diaspor-dövlət birliyinin daha bir nümunəsidir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əlil arabaları qazilərə çatdırılması üçün müxtəlif qurumlara təhvil verilir. Belə ki, qazilərə paylanılması üçün Salyan Rayon İcra Hakimiyyətinə 8 ədəd, Oğuz Rayon İcra Hakimiyyətinə 5 ədəd, Sabunçu rayonundan seçilmiş deputata 5 ədəd, Göyçay rayonundan seçilmiş deputata 5 ədəd və Yaşat Fonduna 13 ədəd araba təhvil verilib.
Qeyd edək ki, əlil arabalarından 60 ədədi də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb.