“Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi çap olunub
Bakı, 3 aprel, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyinin II cildi çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru və “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri akademik Rafael Hüseynov, professor Rüfət Rüstəmov və dosent Aysel Qəriblidir.
Bu cilddə nitq mədəniyyəti, norma, nitqə verilən tələblərdən bəhs olunur. Norma tarixi hadisədir, onun sabitliyi şifahi, yazılı ədəbi dilin və nitq mədəniyyətinin formalaşmasını təmin edir. Nitq mədəniyyəti dil vasitələrinin elə bir seçimi və təşkilidir ki, müəyyən şəraitdə dil normalarına, ünsiyyət etikasına riayət etməklə qarşıya qoyulmuş kommunikativ vəzifələrin yerinə yetirilməsinə böyük səmərə verir.
Dərslikdə frazeoloji normaların ayrıca nəzərdən keçirilməsi ona görə məqbuldur ki, Azərbaycan dili zəngin sabit söz birləşmələri xəzinəsi ilə seçilən dillərdəndir.
Dərslikdə parlament, yubiley, istehsalat, təbrik, dini, hərbi və ekran-efir nitqləri geniş şərh edilib.
“Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyinin sonunda nitqin məntiqiliyi, əlverişliliyi, münasibliyi, zənginliyi və s. kimi praktik və nəzəri anlayışlara gətirilən elmi aydınlıq həm öyrənənlər, həm də tədris edənlər üçün də faydalı olacaq.