ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti ilə Belqrad Universiteti arasında əməkdaşlıq uğurla inkişaf edir
Belqrad, 21 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin başçılığı ilə alimlərimizdən ibarət nümayəndə heyətinin Serbiyaya səfəri çərçivəsində elmi-mədəni əlaqələrimizin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Belqrad Universitetinin filologiya fakültəsi tərəfindən çap edilən “Azərbaycanın mədəni kimliyi” kitabının təqdimatı olub. Nəşrdə ADU-nun akademik heyətinin müəllifliyi ilə qələmə alınan, Azərbaycanın multikulturalizm mühiti, tarixi, mədəniyyəti, dil siyasəti və milli dəyərlərini əks etdirən rus və ingilis dillərində 50-ə yaxın məqalə toplanıb.
Kitabın hazırlanması və işıq üzü görməsi Belqrad Universitetinin filologiya fakültəsi ilə Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin, elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.