Azərbaycan Dillər Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir bu ali məktəbin tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyin qarşısında keçirilmişdir.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 1990-cı ilin yanvarında baş vermiş qanlı hadisələrdən 24 il keçdiyini qeyd etmiş, bu tarixin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin şərəfli səhifələrindən olduğunu vurğulamışdır.
Rektor tələbələrin əksəriyyətinin həmin hadisələr barədə kitablardan, arxivlərdən öyrəndiklərini bildirmiş, gənclərə qısa, lakin şərəfli ömür yaşamış Ülvi Bünyadzadə kimi cəsur, vətənpərvər olmağı tövsiyə etmişdir. Vurğulanmışdır ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyi qorumağın əsas şərtlərindən biri isə tarixi yaddaşı qorumaqdır.
S.Seyidov 20 Yanvar hadisələrinin əsl siyasi qiymətini almasında və bu faciənin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin hazırda uğurla davam etdirildiyini vurğulamışdır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açmış, onu törədənlərin ən ağır cəzaya layiq olduqlarını vurğulamışlar.
Sonda tələbələr 20 Yanvara, şəhidlərə həsr olunmuş şeirlər söyləmişlər.