Azərbaycan Dillər Universitetində “Qəhrəmanlar unudulmur” adlı ədəbi-bədii kompozisiya
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan və ingilis dillərində Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verilib, vətənpərvər ruhda yazılmış şeirlər söylənilib. Eyni zamanda, həmin hadisələrdən bəhs edən videoçarx və “Qəhrəmanlar unudulmur” adlı tamaşa göstərilib. Tamaşada Xocalının işğalı zamanı insanlığa qarşı törədilən vəhşiliklər nümayiş olunub.
Sonda ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, pedaqoji fakültənin dekanı, dosent Vəfa Babayeva və digər çıxış edənlər tökülən qanların yerdə qalmayacağına, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılacağına əminliklərini bildiriblər.