Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoruna media mükafatı təqdim edilmişdir
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidova Respublika Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (KİVHİ) rəyasət heyətinin təsis etdiyi “Azərbaycan bayrağı” media mükafatı laureatı diplomunun və döş nişanının təqdim edilməsinə həsr olunmuş tədbir keçirilmişdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Mübariz Həmidov bu media mükafatına fəal vətəndaşlıq mövqeyinə görə layiq görülmüşdür.
Mükafati Azərbaycan KİVHİ rəyasət heyəti sədrinin müavini Çingiz Qurbanoğlu təqdim etmişdir.
Mərasimdə teatrın baş rejissoru, Xalq Artisti Cənnət Səlimova, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Rafiq Hüseynov, Şövqi Hüseynov, teatrın redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova, truppa müdiri Ələsgər Muradxanlı çıxış edərək Mübariz Həmidovu media mükafatına layiq görüldüyünə görə təbrik etmişlər. Natiqlər onun yüksək insani keyfiyyətləri, teatra uğurlu rəhbərliyi haqqında dəyərli fikirlər söyləmişlər. Bildirilmişdir ki, bunun nəticəsində teatr son vaxtlar bir sıra nailiyyətlər qazanmışdır.
Tədbirin sonunda Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov “Azərbaycan bayrağı” diplomu və döş nişanı ilə təltif olunduğuna görə Respublika Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirmiş, bu mükafatı teatrın bütün kollektivinin əməyinə verilən qiymət kimi dəyərləndirmişdir.
######
