Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissənin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanan qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Qrupu müşayiət edən Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, yetirdiyi milli qəhrəmanlar və şəhidlik zirvəsinə ucalan döyüşçülər haqqında ətraflı məlumat verib. Onlar Heydər Əliyev Mərkəzi, Əsgər Klubu, Qərargah, Tibb Məntəqəsi və digər obyektlərlə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.
Azərbaycan-Ermənistan sərhədindəki zirvədə döyüş növbəsini çəkən hərbi qulluqçularla görüş və orada əsgəri xidmət üçün təchiz edilən şəraitlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
Universitetin iqtisadi məsələlər üzrə prorektoru, Qarabağ müharibəsinin iştirakçısı Mikayıl Zeynalov, Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Fariz Əhmədov çıxış edərək bütün xalqımız kimi UNEC-in kollektivinin də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrlə yanaşı, ordu quruculuğunda da aparılan uğurlu islahatlardan, Azərbaycan Ordusunun güc və qüdrətindən qürur duyduqlarını bildiriblər. Vətən müdafiəçilərini əmin ediblər ki, əgər aprel döyüşləri yenidən başlayacaqsa, döyüşçülərimiz öz sıralarında UNEC-in 20 minlik könüllülər ordusunu da görəcəklər.
Döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən bir qrup hərbi qulluqçuya, eləcə də dayaq məntəqəsinə UNEC-in rektorluğu adından qiymətli hədiyyələr təqdim edilib.
Həmin gün axşam qonaqlar hərbi qulluqçularla birlikdə bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Qazax Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” hərbi-vətənpərvərlik bayramına həsr olunmuş filmə baxıb, əsgər yataqxanasında gecələyiblər.
Ertəsi gün universitetin Yaradıcılıq Mərkəzinin üzvləri artilleriyaçılar qarşısında geniş proqramla çıxış ediblər. Aslan Əzimzadənin ifasında “Zəfər marşı”, Rauf Məmmədzadənin ifa etdiyi “Azərbaycan” mahnısı, Nəriman Nərimanovun və Rəşad Cəlilin “Əsgərəm” instrumental ifası, İqbal Bayramovun və İlham Quliyevin vətənpərvərlik şeirləri, Ceyhun Bəxtiyarovun ifa etdiyi muğamlar hərbçilərdə xoş ovqat yaradıb.
Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Azərbaycan əsgərinə həsr etdiyi yeni şeirlərini oxuyub.
Tankçılarla görüşdə qonaqlar zirehli texnikalarla və yeni silahlarla tanış olub, şəxsi heyətlə kompleks və fərdi söhbətlər aparıb, onların arzu və təkliflərini dinləyib və “Qələbə müjdəli Yeni il gəlir” tədbirində iştirak ediblər.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun vaxtilə xidmət etdiyi taborda şəhid əsgərin xatirəsi yad edilib, bir il əvvəl şəhidlik zirvəsinə ucalan igid döyüşçünün qısa və mənalı həyatı, şücaət və rəşadəti barədə məlumat verilib.
UNEC-in iqtisadiyyat fakültəsinin dekan müavini Nüşirəvan Əliyev, Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov və İqtisadçı Vətənpərvərlər Mərkəzinin sədri Kəramət Zeynalov iki gün ərzində cəbhə bölgəsindəki əsgərlərlə görüşü uzun müddət unutmayacaqlarını qeyd ediblər. Tələbələrin ifa etdikləri hərbi marşlar, vətənpərvərlik mahnıları və qələbəyə səsləyən alovlu şeirlər şəxsi heyətin döyüş ruhunu daha da yüksəldib.
Hərbi hissə komandiri UNEC-in rektoru, professor Ədalət Muradova və qrupun üzvlərinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Müdafiə nazirinin əmri ilə adı xidmət etdiyi bölüyün şəxsi heyətinin siyahısına əbədi olaraq yazılan Milli Qəhrəman Çingiz Qurbanovun davamçılarını - xalqımıza böyük qələbə sevincini yaşadacaq Vətən müdafiəçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən qonaqlar Qərb bölgəsindən, hərbçilərlə görüşlərdən xoş təəssüratlarla ayrılıblar.