AZƏRBAYCAN DÖVLƏTİ CƏMİYYƏTİN DEMOKRATİKLƏŞMƏSİ PROSESİNDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ ROLUNUN GÜCLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR
Heydər Əliyev
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda növbəti regional seminar-müşavirə sentyabrın 1-də Cəlilabadda keçirilmişdir.
Tədbirdə Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının icra hakimiyyəti, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Seminar-müşavirəni Cəlilabad Rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açmışdır. Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə və Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənovun məruzələrində ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğunda cəmiyyətdə bələdiyyələrin rolundan, bu sahədə həlli vacib məsələlərdən, qarşıdakı bələdiyyə seçkilərindən danışılmışdır. Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin tövsiyələrini rəhbər tutan Azərbaycan dövləti, demokratik dəyərlərə söykənən cəmiyyət quruculuğu prosesində bələdiyyələrin önəmli roluna böyük əhəmiyyət verir.
Cari ilin oktyabrın 6-a təyin edilmiş ilk dəfə, təkrar, əlavə və yeni keçiriləcək seçkilərdə 82 seçki dairəsi üzrə 603 bələdiyyəyə 1931 üzv seçiləcəyi bildirilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərlə bağlı 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamlarının müddəalarının yerinə yetirilməsi baxımından yerli icra, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanlarının vəzifələrindən də ətraflı bəhs olunmuşdur.
Bələdiyyələrin işindəki nöqsanlardan danışılarkən bildirilmişdir ki, bələdiyyə torpaqlarından istifadə, maliyyə-təsərrüfat fəaliyyəti, vergilərin toplanması sahəsində qanunsuzluqlara yol verilir. Keçən il 15, bu ilin ötən dövründə isə 7 belə fakt üzrə yoxlamaların nəticələri prokurorluq orqanlarına göndərilmiş, bir çoxuna isə məhkəmələrdə baxılmışdır. Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı təkcə Ədliyyə Nazirliyinə 552 şikayət daxil olduğu halda, cari ilin 7 ayında belə müraciətlərin sayı 800-ə qədər artmışdır. Min hektardan artıq torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verildiyi müəyyən olunaraq, onların qərarları ləğv edilmişdir. Bütün bunlar hələ də bir çox bələdiyyələrin öz səlahiyyətlərini lazımınca bilməməsindən, bələdiyyə sədrlərinin vəzifələrinə səhlənkar münasibətindən, təkbaşına qərarlar qəbul etməsindən irəli gəlir.
Sonra bələdiyyə üzvləri ilə açıq, işgüzar fikir mübadiləsi aparılmış, qarşıya çıxan və həlli vacib olan məsələlər, mövcud çətinliklər barədə söhbət getmiş, qarşıdan gələn seçkilərin azad, demokratik keçirilməsi üçün ayrı-ayrı rayonlarda görülən işlər haqqında məlumat verilmiş, maraq doğuran suallara aydınlıq gətirilmişdir.
Ramiq Həşimov seminar-müşavirəyə yekun vurmuşdur.