AZƏRBAYCAN EKOLOQLARI TACİKİSTANDA TƏŞKİL EDİLMİŞ BEYNƏLXALQ DÜŞƏRGƏDƏ İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 18 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Tacikistandakı Ratmir dərəsində gənclər üçün “Birliyin ekologiyası” mövzusunda beynəlxalq ekoloji təhsil düşərgəsi və Gənc Ekoloqlar Məktəbi açılacaqdır. Bu tədbirlərdə MDB üzvü olan 8 ölkədən 50-dən çox nümayəndə iştirak edəcəkdir.
Hər iki tədbir MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Tacikistan Hökuməti yanında Gənclər, İdman və Turizm Komitəsi tərəfindən təşkil edilmişdir.
Düşərgə və məktəbin məqsəd və vəzifələri gənclərin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq, Birlik ölkələrində dövlətlərin gənclər siyasəti barədə gənclərin məlumatlanma səviyyəsini artırmaq, təbiəti mühafizə fəaliyyəti və ekoloji təhlükəsizlik məsələlərinə yanaşmalar və birgə tədbirlər planları hazırlamaqdır.
Düşərgə və məktəbin işində iştirak etmək üçün Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Ermənistan nümayəndə heyətləri Tacikistana gələcəklər. Nümayəndə heyətlərinə gənclərin ictimai birliklərinin ekologiya sahəsində çalışan liderləri, ali məktəblərin müvafiq fakültələrinin tələbələri və könüllülər daxil olacaqdır.
Gənclər bir həftə ərzində ekologiya, sağlam həyat tərzi və enerjiyə qənaət məsələlərinə dair öyrədici seminarlarda iştirak edəcəklər. Bundan əlavə, iqlim dəyişmələri və enerjiyə qənaət problemləri üzrə ustad dərsləri təşkil ediləcəkdir.