Azərbaycan gənclərinin nümayəndələri Sverdlovsk Qanunverici Məclisinin sədri ilə görüşüblər
Moskva, 6 oktyabr, AZƏRTAC
Yekaterinburqda keçirilmiş Rusiya-Azərbaycan gənclər forumunun nümayəndələri Sverdlovsk Qanunverici Məclisinin sədri Lyudmila Babuşkina və regionun gənc parlamentariləri ilə görüşüblər. Görüşdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qurbanov və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev iştirak ediblər.
Səmimi qəbula görə Lyudmila Babuşkinaya təşəkkürlərini bildirən qonaqlar forum haqqında, Azərbaycanın və Rusiyanın gənclər təşkilatlarının fəaliyyəti barədə təəssüratlarını bölüşüblər.
RAGB fəalları, Rusiya ali məktəblərinin tələbələri iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə yönəlmiş tədbirlər barədə söhbət açıb, yaxın gələcək üçün qarşılıqlı əməkdaşlıq planı tərtib ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva