“AZƏRBAYCAN GƏNCLİYİ DÖVLƏT PROQRAMI” BƏRDƏDƏ UĞURLA HƏYATA KEŞİRİLİR
AZƏRTAC xəbər verir ki, Bərdə rayonunda gənclərin V toplantısı keçirilmişdir.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Bərdə rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov Azərbaycan məruzə ilə çıxış etmiş, ölköəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindn qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, rəhbərlik etdiyi təşkilatın gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində öz işini məqsədyönlü tərtib olunmuş plan əsasında qurduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, gənclər və idman idarəsi tərəfindən 2006-cı ildə 136, 2007-ci ildə 162, 2008-ci ilin 5 ayında 78 tədbir keçirilmiş, milli bayramlar, tarixi günlər, o cümlədən ümumxalq hüzn günü, Azərbaycanlıların soyqırımı günü və Xocalı facizəsi qeyd olunmuşdur.
“Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” və “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” ilə bağlı idarə tərəfindən 21 müxtəlif tədbir keçirilmişdir. Orta məktəb şagirdləri arasında intellektual bilik yarışları, şeir, mahnı, muğam, inşa yazı, rəsm müsabiqələri və sərgilər keçirilmiş, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı “Xalqımızın tale payı”, “Şərəfli ömür yolu”, “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzularında seminar və görüşlər keçirilmiş, şahmat, voleybol, futbol, kikboksinq, güləş, karate-do və kross qaçışı üzrə yarışlar, uşaqlar arasında muğam müsabiqə təşkil olunmuşdur.
Bərdə idmançıları 2006-2008-cı illərdə respublika səviyyəli yarışlarda və rayonlararası turnirlərdə 11 qızıl, 7 gümüş, 6 bürünc medal qazanmışlar.
A. Şahbazov bildirmişdir ki, Bərdə rayon gəncləri qarşıdan gələn seçkilərə ciddi hazırlaşır, seçkiqabağı təşviqat-tbliğat tədbirlərində iştirak etməyə hazırlaşırlar. Onlar ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevə yekdilliklə səs verəcəklər.
Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev çıxış etmiş və Azərbaycan Gəncliyi Dövlət Proqramının Bərdə rayonunda uğurla həyata keçirildiyini bildirmişdir.
Toplantıda Azərbaycan Gənclərinin V Forumuna nümayəndələr seçilmiş, Prezident İlham Əliyevə müraciət qəbul olunmuçdur.
Tədbirdə Gənclər və İdman Nazirliyinin məsul işçisi Altay Paşayev iştirak etmişdir.