AZƏRBAYCAN GƏNCLİYİ DÖVLƏT PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Tərtər rayon gənclərinin V toplantısı keçirilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahlar Qurbanov respublika gənclərinin IV forumundan keçən müddət ərzində rayonda görülən işlər barədə hesabat vermişdir. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclərə dövlət qayğısı və diqqəti artmış, gənclər siyasətinə dair fərman və sərəncamlar imzalanmış, dövlət proqramları təsdiqlənmişdir.
Azərbaycan Gəncliyi Dövlət Proqramı Tərtərdə uğurla həyata keçirilmişdir. IV Forumdan keçən müddət ərzində rayonda gənclərin məşğulluğunun təmin olunması, idmanın inkişafı, hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi, xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması, intellektual oyunların təşkili və s. tədbirlər həyata keçirilmişdir. İdarə tərəfindən narkomaniya və QİÇS-ə qarşı mübarizə məqsədi ilə təbliğat-təşfiqat işləri görülmüş, viktorinalar, əyləncə və musiqi proqramları, yarışlar, turnirlər təşkil olunmuşdur. Məktəblilər arasında “Vətən sərhəddən başlayır”, “Mən Azərbaycan vətəndaşıyam”, “Narkomaniyaya yox deyək”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” və sair mövzularda inşa müsabiqələri keçirilmiş, Novruz bayramı, Ümummilli liderin doğum günü, Respublika günü, Qurtuluş günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Beynəlxalq Qadınlar günü, Ümumxalq Hüzn günü, Azərbaycanlıların Soyqırımı günü, Xocalı faciəsi qeyd edilmişdir.
Xüsusi istedada malik uşaqların, gənclərin yaradıcılıq potensialının inkişafı, bədən tərbiyəsi və idmanın inkişafına dair Dövlət proqramlarının icrası ilə əlaqədar tədbirlər planı hazırlanıb həyata keçirilmişdir. Ümumiyyətlə, 2006-cı ildə 80, 2007-ci ildə 157, 2008-ci ilin I yarımilində 75 tədbir keçirilmişdir.
Ş.Qurbanov ölkəmizin başçısının gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmiş, xüsusi vurğulamışdır ki, tərtərli gənclər qarşıdan gələn seçkilərdə yüksək fəallıq nümayiş etdirəcək və Prezident İlham Əliyevə səs verəcəklər.
Toplantıda çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov dövlət gənclər siyasəti və Azərbaycan Gəncliyi Dövlət Proqramından danışmış, onların həyata keçirilməsində tərtərli gənclərə uğurlar arzulamışdır.
Toplantıda Azərbaycan gənclərinin V forumuna nümayəndələr seçilmiş, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.