Azərbaycan gimnastları Estoniyada açıq kubok turnirində uğurla çıxış ediblər
Bakı, 26 oktyabr, AZƏRTAC
Estoniyanın Kohtla-Yarve şəhərində aerobika gimnastikası üzrə açıq kubok turniri başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, aerobika gimnastikası üzrə yığma komandamız noyabrın 7-8-də Portuqaliyanın Elvas şəhərində keçiriləcək Avropa çempionatı öncəsi sınaq xarakteri daşıyan bu turnirdə Belarus təmsilçiləri ilə yarışıblar.
Azərbaycan yığması həm fərdi, həm cütlük, həm də qrup yarışlarında Belarus millisini məğlub edərək hər üç kateqoriyada kuboklara layiq görülüb. Komandamızın bu uğurunda Vera Bosıx, Aynur Cabbarlı, Elçin Məmmədov, Timur Ələkbərov və Vladimir Dolmatov mühüm rol oynayıblar.