İDMAN
AZƏRBAYCAN GİMNASTLARININ POTENSİALI VAR VƏ BÖYÜK TƏRƏQQİ GÖRÜNÜR
Komandanın məşqçisi Larisa Sidorovanın dediyinə görə, 10 günlük toplantı gimnastlarımız üçün faydalı olmuşdur. Rusiya mütəxəssisləri hər bir idmançı ilə əsas hərəkətlərin əsasında 4 yeni təmrin hazırlamışlar. Toplantıya rəhbərlik edən İrina Viner yeniyetmə gimnastlarımızın böyük potensialı olduğunu və onlarda böyük tərəqqi hiss edildiyini bildirmişdir. O, Vəfa Hüseynovanın təmrinlərinin mürəkkəbliyini vurğulayaraq, Moskvada tez-tez toplantı keçirməyi və təcrübə toplamağı məsləhət görmüşdür. Idmançılarımız Olimpiya hazırlığı mərkəzində xoreoqrafiya və plastik hərəkətlər ilə də məşğul olmuşlar.
Qrup təmrinlərinə gəldikdə isə, qızlar bu yaxınlarda Moskvadan Bakıya gələcək məşqçi ilə işləyəcəklər.
Moskva toplantısından başlıca məqsəd yaxın ehtiyat qüvvələrimizi yoxlamaq və 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunlarına hazırlıqdır. Bu toplantı Ümumrusiya Bədii Gimnastika Federasiyası ilə əldə olunmuş razılığa əsasən keçirilmişdir.