AZƏRBAYCAN GÖMRÜK XİDMƏTİ TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN İŞLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Görüşdə komitə sədri qonaqları maraqlandıran məsələlərlə bağlı nümayənədə heyətinin üzvlərini ətraflı məlumatlandırmış, gömrük orqanlarının büdcə gəlirlərinin artırılmasında yaxından iştirak etməklə ölkənin müasir vergi siyasətinin formalaşmasına öz töhfəsini verdiyini bildirmişdir. Aydın Əliyev demişdir ki, ölkənin səmərəli vergi sisteminin formalaşması nəticəsində büdcə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi azalsa da, məbləği ildən-ilə artır.
Bu ilin birinci yarısına dair statistik rəqəmləri qonaqların diqqətinə çatdıran DGK sədri vurğulamışdır ki, Dövlət Gömrük Komitəsi üzrə 243,47 milyon manat müəyyənləşdirilmiş proqnoza qarşı 248,18 milyon manat məbləğində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoza 101,93 faiz əməl olunmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86,19 milyon manat və ya 53,21 faiz çoxdur.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatında inkişaf tempinin xeyli sürətləndiyini diqqətə çatdıran komitə sədri qeyri-neft sektorunun inkişafını, son illər bütün sahələr üzrə yerli istehsalla məşğul olan iri müəssisələrin fəaliyyətə başlamasını idxaldan asılılığın qarşısının alınmasının bariz nümunəsi kimi dəyərləndirmişdir. Respublikamızın hərtərəfli inkişafı naminə iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan Dövlət Gömrük Komitəsinin istər qaçaqmalçılıqla mübarizə, istərsə də büdcə gəlirlərinin formalaşması istiqamətində həyata keçirilən tədbirləri uğurla davam etdirdiyini qeyd edən Aydın Əliyev, ümidvar olduğunu bildirmişdir ki, gömrük orqanları cari ilin qalan ayları, eləcə də, 2007-ci il üzrə proqnozun layiqincə yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Görülən işlər barədə məlumat alan missiyanın rəhbəri Vitali Kramarenko təmsil etdiyi beynəlxalq maliyyə qurumu ilə DGK arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə etmiş, Azərbaycan Gömrük Komitəsi tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.