Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN GÖRKƏMLİ OĞLU MÜSLÜM MƏHƏMMƏD OĞLU MAQOMAYEVİ SON MƏNZİLƏ YOLA SALMIŞDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VİDA VƏ DƏFN MƏRASİMLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN GÖRKƏMLİ OĞLU MÜSLÜM MƏHƏMMƏD OĞLU MAQOMAYEVİ SON MƏNZİLƏ YOLA SALMIŞDIR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VİDA VƏ DƏFN MƏRASİMLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR

Oktyabrın 29-da ölkəmizin ictimaiyyəti zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevi son mənzilə yola salmışdır.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu. Divardan Müslüm Maqomayevin portreti asılmışdı. Səhnədə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin adından əklillər qoyulmuşdu. Filarmoniyanın foyesində dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Müslüm Maqomayev doğma Azərbaycanın fəxri idi. Cəmi 20 yaşı olarkən Helsinki festivalında uğurlu çıxışı ilə şöhrət qazanmış Müslüm Maqomayev tezliklə bütün Sovet İttifaqında məşhurlaşmışdı. 1963-cü ildə Moskvanın Çaykovski adına salonunda onun ilk solo konsertinə isə bilet tapmaq mümkün deyildi (taleyin hökmünə bax: 45 il sonra, oktyabrın 28-də elə həmin salonda dünya şöhrətli müğənni ilə vida mərasimi olmuşdur). O vaxt Moskva mətbuatı onun haqqında yüksək rəylər səslənən yazılar vermişdi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Deyirdilər ki, o, musiqi üçün doğulmuşdur. Müslüm, sadəcə, oxumurdu, o, mahnını qəlbindən keçirərək dinləyiciyə çatdırırdı. Onun yaradıcılığının mayasını məhəbbət - insana, vətənə, dünyaya məhəbbət təşkil edirdi. Elə buna görə də “İnsanların qəlbinə Müslüm kimi heç kəs yol tapa bilməyibdir” deyənlər tamamilə haqlıdırlar. “Bakı bülbülü” adlandırılan Müslüm Maqomayev Sovet İttifaqında milyonlarla insanın - dövlət rəhbərlərindən tutmuş, sadə əmək adamlarına qədər hamının sevimlisi idi. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. O, bu ada layiq görülmüş ən cavan adam idi. Dostlarından birinin, Rusiyanın məşhur rəssamı Nikas Safronovun dediyi kimi, “Müslüm Maqomayev dünya miqyaslı dahi idi, onun adını cəsarətlə Edit Piaf, İv Montan, Luçano Pavorotti kimi dünya ulduzları ilə bir sırada çəkmək olar”.

Müslüm Maqomayev operalardan ən çətin ariyaları da, qəlblərə məlhəm kimi yayılan lirik mahnıları da, xüsusilə gəncləri cuşa gətirən şux mahnıları da böyük ustalıqla, özünə xas olan yüksək artistizmlə ifa edirdi. Onun repertuarında 600-dək əsər vardı.

Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. 20-dən çox

mahnı, kinofilmlərə musiqi bəstələmişdi. Onun xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir.

O, “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilmişdir.

Ümummilli lider Heydər Əliyev xalqımızın böyük oğluna həmişə himayədarlıq edir, ona əsl atalıq qayğısı göstərirdi. Onların arasında son dərəcə səmimi münasibətlər vardı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrini müasir dövrdə layiqincə inkişaf etdirmiş və dünyada geniş təbliğ etmiş maestro Müslümün həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun ecazkar səsinin vurğunları, eləcə də xarici ölkələrdən gəlmiş pərəstişkarları axın-axın mərhumun şöhrətli babasının - Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən olan Müslüm Maqomayevin adını daşıyan filarmoniyanın binasına gəlir, dünyaşöhrətli sənətkara və gözəl insana son borclarını verirdilər.

Salonda bənzərsiz müğənninin mahnıları səslənirdi.

Filarmoniyanın foyesində Matəm kitabı qoyulmuşdu. Vida mərasiminə gələn rəsmi şəxslər, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, ictimaiyyətin nümayəndələri kitaba ürək sözlərini yazırdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli müğənni, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Maqomayev ilə vida mərasimində iştirak etmək üçün filarmoniyaya gəldi.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdilər və onlarla birlikdə əyləşdilər.

Salona bir neçə dəqiqəlik sükut çökdü. Sonra Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnılar - dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə bəstələdiyi “Sənsiz” romansı və məşhur rus şairi Sergey Yeseninin şeirinə Müslümün özünün yazdığı “Əlvida Bakı” mahnısı səsləndirildi.

Sonra matəm mitinqi oldu. Baş nazirin müavini səlahiyyətlərini icra edən ELÇİN ƏFƏNDİYEV mitinqi açaraq dedi:

-Möhtərəm cənab Prezident!

Əziz dostlar!

Azərbaycan xalqına ağır itki üz vermişdir. Xalqımızın böyük oğlu, nəğməkarı, müğənnisi Müslüm Maqomayev vəfat etmişdir. Ancaq Müslüm Maqomayevin istedadı, sənəti elə bir ehtiva dairəsinə malik idi ki, bu itki, əslində, müasir dünya musiqisinin itkisidir. O, dünyaşöhrətli bir sənətkar idi.

Mən dünən Moskvada Çaykovski adına konsert salonunda moskvalıların Müslüm Maqomayevlə vida mərasimində iştirak etdim. Dünya musiqisi mədəniyyətinin ən zəngin ənənələrini yaşadan və ağzına kimi dolu olan o böyük salon tam sükut içində idi. Minlərlə sadə insan gəlib Müslüm Maqomayevə, böyük sənətkara son borcunu verirdi. Bəlkə də, həyatımda heç vaxt hiss etmədiyim acı bir fəxarət hissi keçirirdim. Ona görə acı hiss ki, söhbət böyük bir itkidən gedir. Amma ona görə fəxarət hissi ki, Azərbaycanın, Azərbaycan xalqının yetişdirdiyi bu cür sənətkara Azərbaycandan kənarda belə hörmət, məhəbbət var idi. Mənim yadıma gəlir, 1969-cu ildə unudulmaz Heydər Əliyev 27 yaşlı bir cavanda böyük istedadı müşahidə etdi və əlverişli şərait yaratdı ki, onun istedadı parlasın. Belə də oldu, Müslüm Maqomayev 31 yaşında SSRİ xalq artisti adı aldı. Bu, SSRİ miqyasında, gerçəkliyində fantasmaqorik hadisə idi ki, başqa bir respublikadan olan 31 yaşında cavan bir adam SSRİ xalq artisti kimi yüksək ad alsın.

E.Əfəndiyev vurğuladı ki, Müslüm Maqomayev klassik və müasir rus bəstəkarlarının, Qərbin klassik və müasir bəstəkarlarının əsərlərini ifa etdikdə də, əslində, eyni zamanda, Azərbaycanın vokal sənətini təcəssüm etdirirdi, Azərbaycan mədəniyyətinin əldə etdiyi nailiyyəti bütün dünyaya göstərirdi. O, harada olursa-olsun özü, yaxud sevimli, sədaqətli həyat yoldaşı, böyük sənətkar Tamara Sinyavskaya ilə birlikdə şah əsərlərindən birini, bəlkə də birincisi olan “Azərbaycan” mahnısını ifa edirdi. Həyatının böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa da, öz canı ilə, qanı ilə Azərbaycana bağlı idi. Əlbəttə, bu, onun Azərbaycana sevgisindən, məhəbbətindən, daxilən Azərbaycanla bir yerdə olmasından xəbər verirdi. Təsadüfi deyil ki, o, müstəqil Azərbaycanın da sevimli bir vətəndaşı idi. O, “Şöhrət” və “İstiqlal” ordenləri almışdı. Bu sözləri deyərkən yadıma onun Azərbaycanda keçirilmiş 60 illik yubileyi düşür. Yadınızdadır, unudulmaz ulu öndərimiz Heydər Əliyev onun haqqında necə məhəbbətlə danışdı. O da hansı bir məhəbbətlə öz sənətini nümayiş etdirdi, necə qanadlandı.

Bu ağır gündə təskinliyimiz ondadır ki, mədəniyyət yaşadıqca və xalqımız var olduqca, Müslüm Maqomayev də Azərbaycan xalqının yaddaşında yaşayacaqdır. Onun yaradıcılığı nəinki təkcə Azərbaycan, bütün dünya musiqişünaslarının tədqiqat obyektinə çevriləcək, dünya musiqisevərlərinin yaddaşında yaşayacaqdır.

Müslüm Maqomayevi Azərbaycan böyütdü, boya-başa çatdırdı və dünya sənət meydanına çıxardı. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi səyi və təşəbbüsü ilə biz Müslümü, əziz dostumuzu, qardaşımızı burada Bakıda doğma torpağa tapşıracağıq. O, babası ilə yanaşı olacaqdır.

Sonra çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti FİRƏNGİZ ƏLİZADƏ dedi ki, bu gün Azərbaycan mədəniyyəti üçün çox ağır gündür, biz Müslüm Maqomayev kimi böyük sənətkarı son mənzilə yola salırıq. Vida mərasimi onun babasının adını daşıyan filarmoniyanın bu gözəl konsert salonunda keçirilir. Burada onun səsi dəfələrlə səslənmişdir. Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. O, dahi idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər bir mahnıda, hər bir ariyada böyük dünya yaradırdı.

Müslüm Maqomayevin çox nadir bariton səsi var idi. Biz çox heyfslənirdik ki, son illərdə o, çıxış etmirdi. Amma radio və televiziyada səsini eşidirdik və həmişəki kimi ona valeh olurduq.

Biz bu gün artıq Müslüm Maqomayev fenomeni haqqında danışa bilərik. Ona görə ki, Müslüm Maqomayev milyonlarla insanın ürəyini fəth edə bilmişdi. İncəsənətdə çox ulduzlar var, amma əsl ulduz Müslüm Maqomayev idi. Onun bəstələdiyi mahnılar Azərbaycanın rəmzinə çevrilibdir. Biz çox fərəhlənirdik ki, Müslüm Maqomayev bizim Bəstəkarlar İttifaqının üzvü idi.

Bu gün Müslüm Maqomayevə əlvida demək çox çətindir. Amma musiqinin möcüzəsi ondadır ki, sənətkar getsə də, onun sənəti qalır. Müslümün səsi konsert salonlarımızda, lent yazılarında, televiziya kanallarında daim səslənəcəkdir.

F.Əlizadə çıxışının sonunda dedi: Mən bir musiqiçi kimi möhtərəm cənab Prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu vida mərasimi Müslüm Maqomayevin çox sevdiyi Azərbaycanda keçirilir və o, Fəxri xiyabanda özünün son mənzilini tapacaqdır.

Allah rəhmət eləsin!

Sonra söz verilən Rusiya İctimai Palatasının üzvü, məşhur uşaq həkimi LEONİD ROŞAL dedi ki, mən Müslümün və Tamaranın ailəvi dostları adından çıxış edirəm. Müslüm dünya miqyaslı şəxsiyyət idi, yer üzündə belə insanlar az-az doğulur. Moskva və Rusiya Müslümlə layiqincə vidalaşdı. Vida mərasimində çəkilmiş “quru” xronika kadrlarını görmüsünüz. Lakin gözlərindən fasiləsiz yaş axan insanları orada, salonda görmək lazım idi. Müslümün burada, Bakıda dəfn edilməsi barədə qərar qəbul edilməsi o qədər də sadə məsələ deyildi. Müslüm Azərbaycana nə qədər mənsubdursa, Rusiyaya da, bütövlükdə dünyaya da eyni dərəcədə mənsubdur. Mən böyük müdriklik göstərmiş Tamaranın qarşısında baş əyirəm. O, düzgün seçim etdi və haqlı olaraq bu qərara gəldi ki, Müslüm öz vətənində torpağa tapşırılsın, qoy onun məzarı babasının və əmisinin məzarı ilə yanaşı olsun, qoy onun doğulduğu torpaq ölümündən sonra da onu ağuşuna alsın.

Müslüm haqqında çox danışmaq olar və hələ çox danışacaqlar. Görün insanların ona sevgisi nə qədər güclüdür. Axı son on ildə o, mədəni həyatda faktik olaraq fəal iştirak etmirdi. Bu müddətdə onun böyük solo konsertləri olmamışdı. Özü demişdi ki, istəyirəm xalq məni necə görmüşdüsə, necə sevmişdisə elə də gedim - gənc, gözəl səsə malik Müslüm kimi. Hərçənd, onun səsi son vaxtlara qədər gözəl idi. 65 illik yubileyində əla oxumuşdu. Lakin qürur hissi, ləyaqət hissi, əvvəlkindən azacıq da olsa pis oxumağa haqqı olmamasını düşünməsi - bütün bunlar onu səhnədən getməyə vadar etdi. Fikir verin, on il idi ki, o, səhnəyə çıxmırdı. Amma dünən minlərlə moskvalı və Rusiya paytaxtının qonaqları bu böyük insana - Müslümə son dəfə təzim etmək, onun tabutu üzərinə gül-çiçək dəstələri düzmək üçün Sadovaya küçəsi ilə irəliləyirdi.

Bu salonda çox sadə, təvazökar bir insan əyləşir - cənab Ağalarov. O, Moskvada vida mərasiminin layiqincə keçirilməsi üçün çox iş görmüşdür.

Müslümün xatirəsi uzun müddət yaşayacaqdır. Biz Müslümün məzarını tez-tez ziyarət edə bilməyəcəyik, amma bunu etməyə çalışacağıq. Rusiya onu heç vaxt unutmayacaqdır. Məzarı nurla dolsun!

Xalq artisti, kinorejissor ELDAR QULİYEV vurğuladı ki, kiminlə vidalaşmağımızı, kimi son mənzilə yola salmağımızı təsəvvür etmək çətindir. Cəmi bir həftə əvvəl onunla zəngləşmiş, iş barədə, planlarımız barədə söhbət etmişdik. İndi isə onunla vidalaşırıq. Amma mən əlvida demirəm. Mən niyə kədərlənməliyəm? Sən canlı əfsanə idin, nəvələrim mənə həsəd aparacaqlar ki, səni görmüşəm, səninlə ünsiyyətdə olmuşam. Mən onlara sənin haqqında, Ulu Tanrının sənə bəxş etdiyi istedad və gözəllik - təkcə zahiri yox, həm də mənəvi gözəllik haqqında danışacağam. Sən səhnəyə çıxanda bütün salona sükut çökürdü. Sən insanlara sevinc bəxş edirdin, sənin konsertində olmaq, bənzərsiz, nadir səsini eşitmək xoşbəxtlik idi! Mən bütün bunlar barədə uşaqlarıma, nəvələrimə danışacağam, onlar da öz uşaqlarına, öz nəvələrinə danışacaqlar.

Səmada bir ulduz var - Müslüm Maqomayev ulduzu. Müslüm özü necə istedadlı, parlaq insan idisə, bu ulduz da həmişə elə parlayacaqdır. Gecələr ulduzlu səmaya baxanda sənin ulduzunu tapacağam, o, mənim üçün işıq saçacaq və mən bu vaxt sənin gözəl nəğmələrini, ecazkar səsini dinləyəcəyəm.

Bu torpaq çox dahi insanlar yetişdirib, bu xalqın çox böyük oğulları olub. Müslüm, sən ölkəmizin böyük oğlusan, biz fəxr edirik və həmişə fəxr edəcəyik ki, sən bizimkisən. Biz fəxr edirik ki, xalqımızın sənin kimi oğlu var.

Məzarın nurla dolsun! Allah rəhmət eləsin!

Sonra çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti FƏRHAD BƏDƏLBƏYLİ dedi ki, dost itirmək çox ağırdır, 50 ilin dostunu itirmək isə dəhşətdir. Müslümün burada oxuduğu ariyanı ilk dəfə eşidəndə mənim 10, onun 16 yaşı vardı. Müslüm özü çalır, özü oxuyur, biz də baxaraq, onunla fəxr edirdik. Müslüm 20 yaşında bütün Moskvanı, Rusiyanı fəth etdi. Müğənni kimi təriflənməsini xoşlamırdı, son dərəcə təvazökar insan idi. Müslüm əsl dost, çox etibarlı bir dost, çətin günün dostu idi. Moskvada möhtəşəm bir mərasim idi və kimsə dedi ki, yalnız marşalları belə yola salırlar. Başqa birisi də dedi ki, Müslüm musiqinin marşalıdır. Doğrudan da, Müslüm musiqinin əsl marşalı idi, Azərbaycanın fəxri idi. Bu torpağı, bu Vətəni ən yüksək səviyyədə təmsil edirdi.

Dünən Moskvada vida mərasimində çıxış edənlər Müslümün taleyində ulu öndərimizin böyük rolunu vurğuladılar. Bunu xalqımız bilməlidir, çünki bu, tarixdir. Hörmətli Prezidentimizin qərarını - Müslümün burada, Azərbaycanda son mənzilə yola salınması barədə qərarını moskvalılar da başa düşdülər və çox müsbət qarşıladılar. Əlbəttə, o, babası ilə bir torpaqda yatmalıdır.

Allah rəhmət eləsin!

Rusiya Federasiyasi Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi MİXAİL ŞVIDKOY çıxışında dedi ki, Rusiya Prezidenti Dmitri Medvedevin tapşırığı ilə mən Bakıda, dünyaya Müslüm Maqomayevi bəxş etmiş bu torpaqda sizə səmimi qəlbdən başsağlığı verirəm.

Xatirimdədir, Müslümü ilk dəfə 1961-ci ildə kommunal mənzilimizdə televizorda görmüşdüm. Mənə elə gəlirdi ki, dünya çevrilmişdir, bizim yoxsul həyatımıza daxil olan bu insan deyir ki, hər şey yaxşı olacaq, hər şey dəyişəcəkdir.

Adama elə gəlirdi ki, lap cavan oğlan nə edə bilər ki, milyonların qəlbini riqqətə gətirsin. Tez-tez deyirlər ki, gərək o, opera səhnəsindən getməyəydi, dünyanın aparıcı teatrlarının səhnələrini tərk etməyəydi. Ancaq o, isə milyonlarla insan üçün oxumaq istəyirdi və bu insanlar ona dərin minnətdarlıqlarını bildirirdilər.

Bu gün biz hamımız, xüsusilə onun yaxınları “Sənsiz” romansında oxuduğu kimi, onsuz yaşamağı öyrənməliyik. Biz onsuz yox, onunla birlikdə yaşayacağıq, o, Rusiya ilə Azərbaycan arasında körpüyə çevriləcəkdir. Çünki onun məzarını ziyarət etmək üçün, bu dahini dünyaya bəxş etmiş torpağın havasını udmaq üçün buraya gələcəklər.

O, öz babası və əmisi ilə yanaşı dəfn olunacaqdır. Bu, olduqca ədalətli qərardır.

Əlbəttə, biz Müslümə qarşı diqqətsiz olmuşuq, mən bunu özüm barədə deyirəm. Onun bizim üçün necə əziz olduğunu anlamamışıq. Dünən, Moskva Müslüm Maqomayevlə vidalaşanda bu, aydın oldu. Sanki Fiqaronun ariyasını, “Buxenvald harayı”nı ifa etmiş 17 yaşlı Müslüm dünyadan köçmüşdür. Biz vidalaşırdıq və anlayırdıq ki, ona diqqətsiz olmuşuq.

Müslüm, bizi bağışlayın. Əlvida.

Vida mərasiminin sonunda Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi.

Salonda Müslüm Maqomayevin ifasında onun əzəmətli “Azərbaycan” mahnısı səsləndirildi. Mərasimə toplaşanların sürəkli alqışları və “Müslüm, Müslüm!” nidaları altında dünya şöhrətli müğənninin cənazəsi filarmoniyanın binasından qaldırılaraq, Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, mərhumun ailə üzvlərinin, qohumlarının və minlərlə insanın müşayiəti ilə birinci Fəxri xiyabana aparıldı. Yol boyu insanlar müasir dövrün görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti, əsl vətəndaş və gözəl insan Müslüm Məhəmməd oğlu Maqomayevin tabutunu üzərinə ümumxalq məhəbbəti əlaməti olaraq gül-çiçəyə qərq edirdilər.

Fəxri xiyabanın ətrafı öz böyük oğlunu son mənzilə yola salmaq üçün əklillər və gül-çiçək dəstələri ilə gəlmiş insanlarla dolu idi.

Matəm duası oxunduqdan sonra Müslüm Maqomayevin cənazəsi babasının, məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin məzarının yanında doğma torpağa tapşırıldı.

Mərhumun ruhuna müqəddəs Quran oxundu.

Məzarı üstünə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin, RF hökumətinin başçısı Vladimir Putinin, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, respublikanın müxtəlif dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının, ayrı-ayrı şəxslərin adından əklillər qoyuldu.

Müslüm Maqomayev sənətinin minlərlə pərəstişkarı dahi müğənniyə son borcunu verərək, məzarı üstünə gül-çiçək dəstələri düzür, onun ruhu qarşısında baş əyirdi.

Fəxri xiyabana insan axını axşam saatlarınadək davam etdi.

Azərbaycan Nüslüm Maqomayevi yetirdi, pərvazlandırdı, o isə Vətənini dünyada şöhrətləndirərək övladlıq borcunu layiqincə yerinə yetirdi. Uzun müddət doğma şəhərindən, ölkəsindən uzaqda yaşasa da, boya-başa çatdığı Azərbaycana həmişə sədaqətli qaldı. Son mənzili də doğma Azərbaycan torpağı oldu.

Astronomlar Günəş sistemindəki kiçik planetlərdən birinə onun adını vermişlər: “4980 Maqomaev”. Müslüm haqq dünyasına qovuşsa da, onun sənəti bu planet kimi daim yüksəkdə olacaq, işıq saçacaq, qədirbilən Azərbaycan xalqı görkəmli oğlunun əziz xatirəsini həmişə əziz tutacaq, əbədi yaşadacaqdır. Çünki o, sönməyən ulduzdur.

Allah rəhmət eləsin, məzarı nurla dolsun!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında dövlətçilik ənənələrini yaşadan tədbir: Müstəqillik ruhu gələcək nəsillərə ötürülür

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib

Azərbaycan və BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı