Azərbaycan həqiqətlərinin heç vaxt unudulmayacağını dünya ictimaiyyəti bilməlidir
London, 25 fevral (AZƏRTAC). Azərbaycan həqiqətlərinin heç vaxt unudulmayacağını dünya ictimaiyyəti bilməlidir.
Bu sözləri Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Londonda yürüş-mitinqdə iştirak edən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) sədri Ramin Həkimov jurnalistlərə müsahibəsində demişdir.
Keçirilən aksiya haqqında məlumat verən ASAIF-ın sədri bunun ilk tədbir olmadığnı, Xocalı soyqırımına həsr olunan ən böyük aksiya olduğunu bildirmişdir. Qeyd etmişdir ki, aksiyada Britaniyanın müxtəlif universitetlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin böyük dəstəyi olmuşdur.
Diqqətə çatdırılmışdır ki, yürüşdə Birləşmiş Krallığın müxtəlif şəhərlərindən azərbaycanlı və xarici tələbələr iştirak edirlər. Qardaş Türkiyə başda olmaqla, Amerika, Qazaxıstan, Rumıniya, Əlcəzair, Finlandiya və başqa ölkələrdən onlarla həmyaşıdımız Azərbaycan həqiqətlərini başa düşərək aksiyamıza dəstək vermiş, yürüşdə iştirak etmişlər.
R.Həkimov vurğulamışdır ki, məqsədimiz Xocalıya ədalət tələb etmək, erməni terroruna və Azərbaycan torpaqlarındakı erməni işğalına son qoyulmasına, dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinə nail olmaqdır. Dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, Azərbaycan həqiqətləri heç vaxt unudula bilməz.
Hazırda Britaniyada təhsil alan azərbaycanlı tələbələr tərəfindən bu ölkədə Xocalı həftəsi keçirilir. Artıq 4 şəhərdə tədbirlərin baş tutduğunu bildirən forum sədri bundan sonra da müxtəlif şəhərlərdə tədbirlərin davam edəcəyini bildirmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London