AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ARASINDA KREDİT SAZİŞİ İMZALANMIŞDIR
İmzalanma mərasimində Baş nazirin birinci müavini Yaqub Eyyubov bankın nümayəndələrini salamlamış, qurumla Azərbaycanın əməkdaşlığından danışmış, demişdir ki, son illərdə iqtisadi inkişaf nəticəsində ümumi daxili məhsulun sürətli artımı ölkəmizin Dünya Bankının güzəştli kredit verən Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) xidmətindən istifadəsinin məhdudlaşmasına səbəb olmuşdur. Odur ki, güzəştli kreditlərin əksəriyyəti BYİB tərəfindən veriləcəkdir.
Baş nazirin birinci müavini qeyd etmişdir ki, bu gün imzalanan sazişə əsasən, BYİB Azərbaycana 48 milyon ABŞ dolları məbləğində kredit verəcəkdir. Layihənin məqsədi ölkə əhalisinin və sənaye obyektlərinin enerji təchizatının etibarlılığını və keyfiyyətini artırmaqdır. Kredit 8 il güzəşt dövrü olmaqla 20 il müddətinə, Libor üstəgəl 0,5 faiz dərəcəsi ilə verilir.
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru xanım Donna M.Douset-Koirolo sazişin vacibliyini nəzərə çarpdırandan sonra qeyd etmişdir ki, Azərbaycanın iqtisadi inkişafı sürətləndikcə etibarlı enerji təchizatına ehtiyac da artmaqdadır. Hökumət tərəfindən iqtisadi inkişafın həvəsləndirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması siyasətinə uyğundur. Energetika bölməsi Prezident İlham Əliyev və onun hökuməti üçün əsas prioritetlərdən biridir. Ona görə də biz Azərbaycan hökuməti ilə bu yeni tərəfdaşlığa qədəm qoymaqdan məmnunuq.
Sonra saziş imzalanmışdır. Sənədi BYİB adından xanım Donna M.Douset Koirolo, Azərbaycan hökuməti adından Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalamışlar.