Azərbaycan İlahiyyat İnstitutunun Xocalı faciəsi haqqında məqaləsi Türkiyə mətbuatında dərc olunub
Bakı, 28 fevral, AZƏRTAC
Türkiyənin “Anadolu” xəbər agentliyi və “Millət” qəzetində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!” sərlövhəli məqalədə Türkmənçay müqaviləsindən sonra böyük axınla qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlıları doğma yurdlarından çıxararaq, özlərinə “vətən” yaratdıqlarından bəhs olunur. Bildirilir ki, sözügedən müqavilədən sonra onlar qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Ağbaba, Vedi, Dərəçiçək və digər mahallara yerləşdiriliblər. Zaman keçdikcə yerli azərbaycanlı əhalini zorla öz vətənlərindən köçürməklə didərgin salmağa müvəffəq olublar.
Məqalədə qeyd olunur ki, qonşu dövlətin “azərbaycanlılarsız Ermənistan” siyasəti 1988-ci ildə öz zirvə nöqtəsinə çatdı, yüz minlərlə həmvətənimiz ata-baba yurdunu tərk etmək məcburiyyətində qaldı.
Vurğulanıb ki, “soyqırımına məruz qaldıq” yalanları ilə dünya ictimaiyyətini aldatmağa çalışan erməni yalan maşını Xocalı soyqırımı haqqında da oxşar metodlardan istifadə edir. Xocalıda törədilən erməni vandalizminin tarixi sübutları olan və əksəriyyəti şəhid jurnalistimiz Çingiz Mustafayev tərəfindən lentə alınan fotoları utanmadan “azərbaycanlıların ermənilərə qarşı törətdikləri qətliamın şəkilləri” kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar.
Məqalədə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətləri olduğu vurğulanır.