AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏOLUNMUŞDUR
Belarus ilə Azərbaycanın ikitərəfli əməkdaşlığının daha da inkişaf etdirilməsinin, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan N.Pastkeviç, ölkələrimiz arasında humanitar, mədəni sahələrdə yaxşı əlaqələrin mövcud olduğunu, Belarusda Azərbaycan diasporunun fəaliyyət göstərdiyini xüsusi qeyd etmişdir. Diplomat Azərbaycanda həyata keçirilən böyük quruculuq işlərini yüksək qiymətləndirmiş, məktəb tikintisi sahəsində misilsiz uğurlar əldə olunduğunu bildirmiş, Azərbaycan cəmiyyətindəki tolerantlıq mühitini xüsusilə vurğulamışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat vermiş, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir.
H.Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərindən sonra ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əlverişli şərait yarandığını diqqətə çatdırmışdır. Komitə sədri ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan və Belarus arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldiləcəyinə qarşılıqlı inam ifadə olunmuşdur.