Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Abu-Dabi, 27 fevral, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bu ölkənin ədliyyə naziri Sultan Bin Səid əl Badi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə əsasları ümummilli lider Heydər Əliyev və BƏƏ-nin birinci Prezidenti Şeyx Zahid əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin bir çox sahələrdə sürətlə inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, son illərdə xalqlarımız arasında təmasların genişlənməsi, Azərbaycana səfər edən BƏƏ vətəndaşlarının sayının ildən- ilə artması əməkdaşlığa yeni dinamika verir.
Görüşdə ölkələrimiz arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri, bu sahəyə aid hüquq müqavilə bazası müzakirə edilib.
Səfir D.Şikarov Azərbaycanda gedən siyasi və iqtisadi proseslər, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkiləri, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsində duran məhkəmə sistemi barəsində ədliyyə naziri Sultan Bin Səid əl Badiyə məlumat verib.
Görüşdə ölkələrimiz arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan ilə BƏƏ arasında hüquq və məhkəmə sahəsində əməkdaşlıq haqqında sazişin imzalandığı vurğulanıb.
Nazir Sultan Bin Səid əl Badi iki ölkə arasında mövcud olan əlaqələrdən məmnunluğunu qeyd edib, bu münasibətlərin daha da inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib. O, ölkəsinin Azərbaycan ilə xüsusi münasibətlərdə olduğunu vurğulayaraq, BƏƏ-nin ədliyyə sistemi barədə məlumat verib. Nazir azərbaycanlı tərəf müqabilləri ilə ədliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi