AZƏRBAYCAN İLƏ BMT ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ YOLLARI VYANADA KEÇİRİLMİŞ KONFRANSDA MÜZAKİRƏ EDİLMİŞDİR
Konfransda Azərbaycanda Konvensiyanın həyata keçirilməsi üçün müvafiq hüquqi bazanın yaradılması, mütəşəkkil cinayətkarlıqla, o cümlədən insan alveri ilə mübarizəyə dair milli fəaliyyət planının qəbul edildiyi diqqətə çatdırılmış, Ermənistanın işğalı nəticəsində nəzarətsiz qalmış Azərbaycan ərazilərinin separatizm və narkotiklər yuvasına çevrildiyi vurğulanmışdır.
Azərbaycan nümayəndə heyətinin başçısı R.Rzayev konfrans çərçivəsində BMT-nin baş katibinin müavini, bu qurumun Vyana şöbəsinin baş direktoru, Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Antonio Maria Kosta ilə görüşmüşdür. Tərəflər beynəlxalq cinayətkarlığa qarşı qlobal mübarizədə Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə etmiş, A.Kostanın 2003-cü ildə respublikamıza səfəri zamanı Azərbaycan Prezidenti, eləcə də digər yüksək vəzifəli rəsmi şəxslərlə apardığı danışıqlar yüksək qiymətləndirilmiş, problemlərin həlli yollarını müəyyənləşdirmişlər. R.Rzayev ölkəmizdə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində görülən işlər, həyata keçirilən hüquqi islahatlar, həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tarixi və nəticələri barədə məlumat vermişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri R.Rzayevin Avstriyanın baş prokuroru Valter Preslauer və onun müavini Herbert Rauniq ilə də görüşləri olmuşdur. Görüşlərdə ölkəmizdə aparılan hüquqi islahatlar, hüquq mühafizə orqanlarının fəaliyyəti barədə həmkarlarına ətraflı məlumat verən R.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ağır nəticələri haqqında danışmışdır. Tərəflər Azərbaycan ilə Avstriya arasında münasibətlərin, o cümlədən hüquq mühafizə, prokurorluq orqanlarının əməkdaşlığının mövcud vəziyyətini müsbət qiymətləndirmiş, əlaqələri gücləndirməyin perspektivlərini müzakirə etmişlər. Ölkələrimizin baş prokurorluqları arasında əlaqələrin genişləndirilməsinə dair Əməkdaşlıq Proqramının imzalanması məqsədəuyğun sayılmışdır.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndələri iştirak etmişlər.