Azərbaycan ilə Çexiya arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 18 may (AZƏRTAC). Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçekin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ilə görüşmüşdür.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkələrarası iqtisadi, ticarət əlaqələrinin perspektivləri müzakirə edilmişdir.
Görüşdə əsas diqqət “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlərə yönəldilmişdir. Sənədin ölkələrarası münasibətlərin inkişafına ciddi təsir edəcəyini bildirən tərəflər bunun gələcək əməkdaşlıq üçün baza sənədi rolunu oynadığını vurğulamışlar.
Görüşdən sonra qonaqlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyaları, Milli Metrologiya Mərkəzinin etalon bazası, AzTEST-in ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyalarında olmuşlar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yaradılmış şəraitdən məmnun qalan Milan Holeçek bu sahəyə göstərilən diqqət və qayğının nümunə olduğunu qeyd etmiş və ölkələrimiz arasında bu sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.