Azərbaycan ilə İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş qüvvəyə minir
Bakı, 31 mart, AZƏRTAC
2016-cı il oktyabrın 10-da İsveçrənin Bern şəhərində imzalanan və 2016-cı il dekabrın 16-da 464-VQ nömrəli Qanunla Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2017-ci il aprelin 1-də qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir: “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız səyahət edə biləcəklər. Bundan əlavə, bir çox kateqoriyadan olan şəxslər, o cümlədən, yaxın qohumlar (ər-arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr), rəsmi nümayəndə heyətlərinin üzvləri, iş adamları və kommersiya təşkilatlarının nümayəndələri, təhsil və ya təlim məqsədilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, elmi, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər, jurnalistlər, beynəlxalq idman tədbirlərinin iştirakçıları, tibbi məqsədlərlə səyahət edən şəxslər, beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər və s. sadələşdirilmiş qaydada viza əldə edə biləcəklər.
Sazişin vətəndaşlara yaratdığı digər üstünlükləri, çoxdəfəlik və uzunmüddətli, yəni etibarlılıq müddəti 1, 2 və ya 5 il olan vizaların alınmasının sadələşdirilməsi, habelə viza üçün tutulan rüsumun 35 avroya endirilməsidir. Eyni zamanda, yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, idmançılar, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə məqsədilə səyahət edənlər, təqaüdçülər, 18 yaşadək olan uşaqlar, jurnalistlər və s. viza rüsumundan azad edilirlər”.