AZƏRBAYCAN İLƏ KÜVEYT ARASINDA ƏLAQƏLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ OLDUĞU QEYD EDİLMİŞDİR
Azərbaycan ilə Küveyt arasında əlaqələrin yüksək sürətlə inkişaf etdiyini diqqətə çatdıran nazir, Küveytdə ölkəmizin səfirliyinin açılmasını yüksək qiymətləndirmişdir.
Azərbaycana ilk səfərində ona göstərilmiş qonaqpərvərliyə, səmimi qəbula görə təşəkkürünü bildirən Məhəmməd Şərraf, ölkələrimizin əlaqələrinin inkişafından razı qaldığını söyləyərək, ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyi yüksək qiymətləndirmişdir. Qonaq Azərbaycan ilə Küveyt arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi arzusunda olduğunu bildirmiş, xarici işlər nazirini Küveytə rəsmi səfərə dəvət etmişdir. Azərbaycanda son illərdə baş verən müsbət dəyişiklikləri, tərəqqini alqışlayan müşavir özəl sektorda da ikitərəfli əməkdaşlığın genişləndirilməsini vacib saymışdır.
Nazir Elmar Məmmədyarov dövlətlərimizin oxşar cəhətlərini qeyd edərək, Azərbaycanın da neft ölkəsi kimi Küveytin inkişaf istiqamətlərinin, neft ixracından gələn gəlirlərin bölüşdürülməsində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirmişdir. Azərbaycanın hazırda İslam Konfransı Təşkilatına sədrlik etdiyini nəzərə çatdıran nazir, beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərdə islam dövlətlərinin daim Azərbaycanın mövqeyini dəstəkləmələrini, erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan birmənalı şəkildə çıxarılmasını tələb etmələrini, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə göstərilən maddi və mənəvi yardımı yüksək qiymətləndirmişdir.
M.Şərrar Küveytin də vaxtilə işğala məruz qaldığını və bu səbəbdən Azərbaycanın durumunu daha yaxşı anladığını qeyd etmiş və humanitar yardımın həyata keçirilməsinin davam etdiriləcəyini bildirmişdir. Bundan başqa, qonaq bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının baş katibi vəzifəsinə keçiriləcək seçkilərdə Küveytin öz namizədini irəli sürdüyünü diqqətə çatdırmış və bu təşkilat çərçivəsində də yardımın genişləndiriləcəyini söyləmişdir.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.