SİYASƏT
Azərbaycan ilə Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Bakı, 17 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov özbəkistanlı həmkarı Əbdüləziz Kamil ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar bir daha dost özbək xalqına dərin hüznlə başsağlığını ifadə edib. O, İƏT Xarici İşlər Nazirləri Şurası kimi mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Özbəkistanı təbrik edib və qarşıdan gələn dövr ərzində bu ölkənin Şuraya uğurla sədrlik edəcəyinə əminliyini vurğulayıb. Nazir İƏT-in 43-cü Xarici İşlər Nazirləri Şurasının iclasının təhsil və maarifçilik kimi aktual mövzulara həsr olunduğunu bildirib.
Görüşdə nazirlər ölkələrimiz arasında siyasi dialoq və hərtərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə ediblər.
Nazir Elmar Məmmədyarov tarixi İpək Yolunun bərpası və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verərək, Özbəkistanın da bu nəqliyyat dəhlizindən istifadə etməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Nazirlər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin artırılması üçün nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd ediblər.
Görüşdə İƏT-in gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.