AZƏRBAYCAN İLƏ PAKİSTAN ARASINDA MÖHKƏM DOSTLUQ ƏLAQƏLƏRİ MÖVCUDDUR
Müdafiə naziri demişdir ki, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibədə Pakistan Azərbaycanın haqq işini həmişə dəstəkləmişdir. Mən Pakistanda baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Prezident İlham Əliyevin göstərişi ilə Pakistana humanitar yardım və xilasedicilər qrupu getmişdir. Müdafiə Nazirliyi də yaxın vaxtlarda dost ölkəyə humanitar yardım göndərəcəkdir.
Səfir Məhəmməd Hafiz Azərbaycanın qardaşlıq yardımını yüksək qiymətləndirmiş, bu il oktyabrın 8-də baş vermiş zəlzələnin nəticələri barədə danışaraq demişdir ki, son yüz ildə Pakistan ərazisində belə təbii fəlakət olmamışdır. 30 min kvadratkilometr ərazini əhatə edən zəlzələ nəticəsində Himalay dağlarının yüksəkliklərində yerləşən kəndlərdə 80 mindən çox insan həlak olmuş, 70 min nəfər xəsarət almış və 3,3 milyon nəfər evsiz-eşiksiz qalmışdır. Pakistan hökuməti və beynəlxalq ictimaiyyət bu fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlindən gələni edir. Azərbaycan xalqına və dövlətinə ölkəmizə yardım göstərdiyinə görə minnətdarlığımızı bildiririk. Pakistan xalqı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 500 min ABŞ dolları maliyyə yardımını, xilasedicilər qrupunun və dərman maddələrinin fəlakət zonasına göndərilməsini yüksək qiymətləndirir.
General-polkovnik Səfər Əbiyev zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Pakistan dövlətinə bundan sonra da yardım göstəriləcəyini bildirmişdir.