Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub
Bişkek, 5 avqust (AZƏRTAC). Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Qırğız Respublikası Prezident Aparatının rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sapar İsakovla görüşüb.
Görüşün əvvəlində S.İsakov son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin artması və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasından narahat olduqlarını söyləyib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ailə üzvlərinə və yaxınlarına Qırğız Respublikasının Prezidenti adından başsağlığı verib.
H.Orucov deyib ki, bu yaxınlarda Bakıda Azərbaycan Respublikası və Qırğız Respublikası arasında yaradılan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyanın ikinci iclasının keçirilməsi nəzərdə tutulub.
2014-cü il sentyabrın 8-dən - 14-dək İssık-Kulda “Ümumdünya köçəri oyunları”nın keçiriləcəyini qeyd edən S.İsakov, vurğulayıb ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər inkişaf etməkdədir.
Səfir 2014-cü ilin oktyabr ayının 26-da Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Bişkek-Bakı birbaşa aviareysin ilk uçuşunun gerçəkləşəcəyini və hava xəttinin ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə kömək edəcəyini bildirib.
S.İsakov birbaşa aviareysin açılmasının ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm hadisə olduğunu qeyd edib, iki ölkə arasında əməkdaşlığın inkişafında səfirliyin aktiv fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek