Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın vəziyyəti məmnunluq doğurur
Ankara, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və hərbi attaşenin Quru Qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov fevralın 24-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 2-ci korpusunun komandiri general-leytenant Rasim Yıldız və 18-ci motoatıcı briqadanın komandiri polkovnik Ahmet Yalçın İsgəndər ilə görüşüblər.
Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Ordusu arasında mövcud hərbi əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu işbirliyinin regionda davamlı sülhün təmin olunmasına töhfə verdiyi vurğulanıb.
Bundan başqa, Türkiyənin Gelibolu şəhərində “Qardaş briqadası” layihəsi çərçivəsində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə də görüş keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara