SİYASƏT
Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçilib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edildi.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin, nəzarət-təftiş və mandat komissiyalarının hesabatları dinlənilib, hesabat ətrafında müzakirə aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.
Qurultayda, həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub. Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Dəyişiklik nəticəsində İdarə Heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən 23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçilib.
Azərbaycan jurnalistlərinin VII qurultayında səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.
Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunublar.
Sonda qurultayın qətnaməsi qəbul olunub.