Azərbaycan karateçiləri Portuqaliyada Premyer Liqa turnirində güclərini sınayacaqlar
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan karateçiləri aprelin 22-24-də mövsümün ikinci Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün Portuqaliyanın Matosinhos şəhərinə yollanıblar. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 14 idmançı yer alıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kişilərdən ibarət milli komandamızın baş məşqçisi Qurban Qurbanov, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Hüseynov, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlının (hər iksi +84 kq) iştirakına üstünlük veriblər.
Qadın karateçilərdən ibarət millimizin baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretskaya (68 kq) şans verəcək.
Beynəlxalq hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaqlar. Matosinhosda Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılacaq.