AZƏRBAYCAN-MACARISTAN BİZNES FORUMU
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri çərçivəsində, fevralın 19-da Budapeştdə “Gresham Palace Four Seasons” mehmanxanasında Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Hər iki ölkənin dövlət başçılarının iştirak etdiyi forum Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İqtisadiyyatın Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunmuşdu. Forumda ölkəmizi dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bank, maliyyə, sənaye və digər sahələrdə fəaliyyət göstərən 30 şirkətin nümayəndələri, Macarıstanı isə 70-dək iş adamı təmsil edirdi.
Forumu Macarıstanın Ticarətin İnkişafı Agentliyinin direktoru SÜLT TİBOR açaraq dedi:
-Hörmətli xanımlar və cənablar, sabahınız xeyir olsun.
Mən böyük şərəf hissi ilə sizi Azərbaycan-Macarıstan biznes forumunda ürəkdən salamlayıram. İlk növbədə, böyük səmimiyyətlə cənab İlham Əliyevi salamlamaq istəyirəm. Azərbaycan Respublikasının Prezidentinə “Xoş gəlmisiniz!” deyirəm.
Eyni zamanda, Macarıstan Respublikasının Prezidentini salamlayıram və sözü ona verirəm.