AZƏRBAYCAN MDB DÖVLƏTLƏRİ İLƏ HƏRTƏRƏFLİƏLAQƏLƏRİN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir E.Məmmədyarov V.Ruşaylonu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun yeni işdə fəaliyyətinin faydalı olacağına əminliyini qeyd etmişdir. E.Məmmədyarov Azərbaycanın MDB dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizin xarici siyasət idarəsinin və MDB İcraiyyə Komitəsinin bu istiqamətdə gördüyü işlərdən və sıx əməkdaşlıqdan razı qaldığını bildirmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Vladimir Ruşaylo Azərbaycanın MDB ölkələri arasında böyük nüfuza malik olduğunu və fəal mövqe tutduğunu vurğulamışdır. O, nazirlə təmsil etdiyi təşkilatın daxilində planlaşdırılan islahatlar barədə mülahizələrini bölüşmüş və təşkilatın fəallığının artırılmasının vacibliyini xüsusi qeyd etmişdir. V.Ruşaylo MDB ölkələri xarici işlər nazirlərinin 2004-cü ilin sentyabr ayında Astanada keçiriləcək görüşü barədə nazirə ətraflı məlumat vermişdir.
Nazir E.Məmmədyarov islahatların zəruriliyini dəstəkləmiş və qurumun fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu vurğulamışdır. O, bununla belə, Azərbaycanın MDB-nin fövqəlmilli xarakterli səlahiyyətləri olan strukturları və mexanizminin yaradılmasının əleyhinə olduğunu bildirmiş və MDB İcraiyyə Komitəsinin və Birliyin nizamnaməsində nəzərdə tutulan digər orqanların beynəlxalq hüquq subyekti olmasını qəbul etmədiyini də qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.