“AZƏRBAYCAN MƏKTƏBLƏRİNDƏ İQTİSADİYYATIN TƏDRİSİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLMİŞDİR
AGN-in icraçı direktoru Vüsal Xanlarov bildirmişdir ki, 2000-ci ildə fəaliyyətə başlayan qurum AMİT proqramını həyata keçirən qeyri-hökumət təşkilatıdır. Proqram ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə 130 məktəbdə həyata keçirilir. 2005-2008-ci illərdə AMİT proqramı Azərbaycanın daha 140 orta məktəbində gerçəkləşdiriləcəkdir.
Bakı şəhərindən və respublikamızın regionlarından 100 müəllimin iştirakı ilə keçirilən bu konfrans biznes və iqtisadiyyat təhsili, Azərbaycan və ABŞ məktəbləri arasında əməkdaşlığın inkişafı mövzularına, həmçinin, gənclərin nailiyyətlərinin nümayişinə həsr olunmuşdur. Sessiyalarda Project Harmoni təşkilatının nümayəndələri iqtisadiyyat dərslərinin inkişafı üçün kompüter və internetdən istifadə üsullarını təqdim edəcəklər.
ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş proqramın ölkəmizin gələcəyi üçün əhəmiyyətindən danışmış və onun həyata keçirilməsinə bundan sonra da kömək göstəriləcəyini bildirmişdir.
Təhsil naziri Misir Mərdanov son illər nazirlik və AGN təşkilatı arasında əlaqələrin genişləndiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi AMİT proqramında iştirak edən orta məktəblərdə iqtisadiyyat dərslərinin tədrisində bu proqramından istifadə olunmasına şərait yaratmışdır. Azərbaycan inkişaf etməkdə olan dövlətdir və yeni nəslin iqtisadi təhsil alması çox vacibdir.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.