SİYASƏT
Azərbaycan mərkəzi hakimiyyətə tabe olmayan cinayətkarlara qarşı lazımi addım atmalıdır – ŞƏRH
![Azərbaycan mərkəzi hakimiyyətə tabe olmayan cinayətkarlara qarşı lazımi addım atmalıdır – ŞƏRH](/files/2023/3/1200x630/16946083513156954345_1200x630.jpg)
Bakı, 13 sentyabr, AZƏRTAC
Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti və öz fəaliyyətini separatizmi, terroru, işğalçılığı dəstəkləmək üzərində quran dünya erməniliyi reallıqları hələ də görə, qiymətləndirə bilmir. Əgər belə olmasaydı, onlar 30 il əvvəlki təfəkkürdə qalmazdılar, anlayardılar ki, sivil dünya separatizmi tanımır və heç vaxt da tanımayacaq. Otuz il əvvəl də belə idi, bu gün də belədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, bu gün Qarabağdakı xuntanın, erməni separatçılarının davranışı, əslində, Ermənistanın həyata keçirdiyi siyasətdən və dünya erməniliyinin yanaşmasından qaynaqlanır. Vətən müharibəsində birmənalı olaraq qalib gələn Azərbaycan bununla belə yenə də sülhsevər siyasətini davam etdirdi. Azərbaycan Ermənistana sülh sazişi üçün təkliflər verdi. “Eyni zamanda, Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərə danışıqlar və reinteqrasiya təklif etdi, dəvətlər oldu, təşəbbüslər edildi. Lakin xunta razılaşmadı. Azərbaycanın bütün kommunikasiyaların açılması, Xankəndiyə əlavə yollar, istənilən yük daşımaları təklifini də xunta rejimi mənfi cavablandırdı. Əvəzində isə onlar “blokada və soyqırımı” iddiaları ilə yalançı hay-küy salırlar. Onlar nə yolun işləməsinə imkan verirlər, nə də Azərbaycanın göndərdiyi yükləri istəyirlər. Bu isə Qarabağdakı ermənilərin, onları bu addıma sövq edən Ermənistan hakimiyyətinin, həmçinin regiona əbədi sülhün gəlməməsi üçün dəridən-qabıqdan çıxan bəzi xarici ölkələrin və beynəlxalq təşkilatların iç üzünü ifşa edir”, - deyə Vüqar İskəndərov vurğulayıb.
Deputat bildirib ki, Azərbaycanın səbrinin də bir həddi-hüdudu var. Yayılan məlumatlardan da bəlli olduğu kimi, hazırda bu ərazidə təhlükəli hərəkətlilik müşahidə edilir. Qanunsuz hərbi birləşmələr cəmlənir, minalanma, səngər qazıntıları, mühəndis işləri aparılır. Bir daha təsdiqlənir ki, xunta rejimi təhlükə yaradır.
“Nə qədər acınacaqlı olsa da, bir reallıq ortadadır: bu gün Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi, necə deyərlər, “boz zona”dır. Yuxarıda sadaladığımız qanunsuzluqlar, cinayətlər də bu ərazidə baş verir. Hesab edirəm ki, bu ərazilərdə özbaşınalıqlara, cinayətlərə son qoymaq üçün Azərbaycan lazım olan addımı atmalıdır. Dünyanın bir çox nöqtələrində bu cür cinayətlərə və cinayətkarlara qarşı necə davranılıbsa, Azərbaycan da mərkəzi hakimiyyətə tabe olmayan bu qanunsuz silahlı dəstələrə, cinayətkarlara qarşı o cür davranmalıdır”, - deyə Vüqar İskəndərov bildirib.